Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM-2026) təsnifat məshələsinin hazırlığına start verib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığma komandanın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 16 idmançı cəlb edib.
Məşqlər gündə iki dəfə olmaqla Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunur. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin ilk matçını avqustun 17-də səfərdə Avstriya yığma komandasına qarşı keçirəcək. Voleybolçularımız bir həftə sonra (24 avqust) Bakıda Belçika yığmasını qəbul edəcəklər. Təsnifat mərhələsinin formatına uyğun olaraq, növbəti iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.
Seçmə mərhələdə 21 yığma komanda 7 qrupda mübarizə aparacaq. Seçmə mərhələnin yekununda qrup qalibləri və 5 ən yaxşı qrup ikincisi olacaq kollektivlər Avropa çempionatında iştirak hüququ qazanacaqlar.