“İnter Mayami”nin və Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi futbolçu karyerasını bitirəcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Dsports” dərgisinə istinadən, argentinalı ulduzun bu barədə cavabını təqdim edir:
“Mən uyğun zaman gələnə qədər, daha oynaya bilməyəcəyimi hiss edənə qədər oynamağa davam edəcəyəm”, deyə “Leo” bildirib.
Xatırladaq ki, Messi hazırda ABŞ-da keçirilən 2024-cü il Amerika Kubokunda iştirak edir. Argentina yığması finala yüksəlib və “albiseleste”ni iyulun 14-dən 15-nə keçən gecə Kolumbiya yığması ilə həlledici oyun gözləyir. Oyun Mayaminin “Hard Rok Stedium”unda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 04:00-da başladacaq.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 186 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.
“Transfermarkt” internet-portalı 37 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.