"Yay aylarında zəhərlənmələrin sayı digər ayalara nisbətən daha çox olur. Xüsusən də belə hallar kütləvi qidalanma yerlərində, məclislərdə, restoranlarda olur. Çünki çox çeşiddə qidaların hazırlanması, əsasən də temperatur rejiminin yüksək olduğu vaxtda soyuducuda saxlanılmalı olan yüksək risk qrupuna aid olan qidaların açıq hava şəraitində saxlanılması, bunların tərkibinin pozulmasına, kimyəvi və bioloji dəyişikliklərə, sonda zəhərlənməyə gətirib çıxarır".
Bunu Referans.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərakatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Mütəxəssis yay aylarında düzgün qidalanmaya diqqət çəkərək, tövsiyələrini bölüşüb:
"Nəzərə almaq lazımdır ki, yüksək risk qrupundan olan qidalar var ki, bunlara mayonezli salatları birinci növbədə göstərmək lazımdır. Çünki belə qidaların tərkibində bişirilmiş tərəvəzlər, zülal tərkibli ət, ən təhlükəlisi mayonezdən istifadə olunur. Bu qidalar uzun saat əvvəldən hazırlandığı üçün açıq havada qaldıqda insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır. Eyni zamanda bu kimi qidaların yaxşı olar ki, yay mövsümündə istifadəsi azaldılsın. Belə qidaların süfrəyə verildiyi halda qarışdırılması tövsiyə olunur. Bəzən olur ki, belə qidalar məclislərdə bir neçə saat əvvəldən masalara düzülür ki, bu da qidanın xarab olmasına gətirib çıxarır. Bəzən mayonezlər isti temperaturda qaldıqda keyfiyyəti pozulur, zəhərlənmələrə səbəb olur".
Müsahib deyir ki mayonezlərin üzərində 3-6 ay ərzində istifadə müddəti göstərilsə də, bəzən məclislərdə böyük çəkilərdə olan qablaşdırmadan uzun müddət istifadə olunur:
"Qarışıq və bir-birinə uyğun olmayan yeməklərin qəbulu da həzm sistemin çətinləşməsinə, sağlamlıq problemlərinə gətirib çıxarır. Qızartmalardan, bir neçə çeşid növ ətdən istifadə olunmasın. Bu insan orqanizmində həzm probleminə gətirir və maddələr mübadiləsini pozur. Qovurma və qızartma yeməklər də bir neçə gün əvvəldən hazırlandığı və ət də risk qrupuna aid olduğu üçün köhnə yeməklər sayılır və immun sistemi zəif olan, həssas, azayaşlı insanlarda sağlamlıq problemi yaradır. Bu qidalarla birgə qazlı, rəngli içkilər istifadə etmək isə vəziyyəti ağırlaşdırır. Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqı maddələri orqanizmi zəhərləyir".
"İnsanlar toy məclislərindən bir neçə gün sonra mədədə ağırlıq, şişkinlik, baş ağrısı, aqarın nahiyəsində ağrılarla şikayət edirlər. Bu həmin qidalanma rejiminin pozulmasından xəbər verir. Toy məclislərində zəhərlənmələrdən qaçmaq üçün qarışıq qidalar, salatlardan uzaq dursunlar. Təzə bişən və ya bişirildiyi anda, az yağda servis olunan məhsullar qəbul etsinlər",- deyə mütəxəssis fikrilərinə əlavə edib.
Şəlalə Babayeva