Müasir dövrdə həm qadınları, həm də kişiləri ən çox narahat edən problemlərdən biri də saç tökülməsidir. Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı, ya da əksinə, quru baş dərisi və digər problemlərlə üzləşir.
Ekologiya.az bildirir ki, “Nərgiz” klinikasının direktoru, tibb elmləri doktoru, ixtiraçı alim Məlahət Qəhrəmanova mövzu ilə əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb.
-Məlahət xanım, bu gün əhali arasında saç tökülmələri artıb. Saç tökülmələri hansı səbəblərdən qaynaqlanır və problemin artmasına hansı amillər təsir edir?
-Təbii ki, bu sual çoxdandır hər kəsi düşündürür. Təəssüf ki, bu gün uşaqlar, yeniyetmələr və gənclər arasında saç tökülmələri, keçəlləşmə halları artıb. Alopesiya, androgen tipli tökülmələr, seboreyalar, seboreyalı dermotitlər və sair çoxalıb. Saçların tökülməsinə gətirib çıxaran bütün bu səbəblər araşdırılır, dəqiq müayinə olunur və daha sonra müalicə təyin edilir.
Saç tökülməsinin səbəbləri çoxdur. Bizim həyat tərzimiz, normal yuxunun olmaması, telefondan, kompüterdən həddən artıq istifadə, keyfiyyətsiz qidalar saçın tökülməsinə təsir edən mühüm amillərdir. Əgər insan normal yuxu yatmırsa, balanslaşdırılmış qidalanmırsa, yerli olaraq istifadə edilən məhsullar saçın müalicəsində arzulanan nəticəni verməyəcək. Çünki saçlarımız orqanizmdən qidalanır.
Qeyd etdiyim kimi, qəbul etdiyimiz keyfiyyətsiz qidalar, gündəlik vitamin balansının pozulması, ətraf mühit və ekologiya, kimyəvi məhsullardan yersiz istifadə saç tökülməsinə səbəb olur. İnsan saçı o qədər unikaldır ki, həm də daxili orqanlarda olan problemlərin aynasıdır. Hər hansı xəstəlik, ilk növbədə, özünü saçda göstərir. Ağır, xüsusən də infeksion xəstəliklərdən, zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər. Qan dövranının pozulması, hormonal problemlər, qan azlığı və daxili orqanlardan qaynaqlanan bir sıra xəstəliklərin hamısı saç tökülməsinə gətirib çıxarır. Bu xəstəliklərdən seboreyalar, seboreyalı dermotitlər, dəmirov, alopesiya, müxtəlif saç anomaliyaları və s. saçların tökülməsi ilə nəticələnən problemlərdir. İlk növbədə isə kimyəvi maddələrdən çox istifadə, keyfiyyətsiz qida və normal həyat rejiminin olmaması təbii ki, saçlara böyük zərər verir.
-Əsasən hansı xəstəliklər fonunda saçlar tökülür?
-Qalxanabənzər vəzin xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, öd, qaraciyər, qadınlarda fibroz-kistoz , hormonal dəyişikliklər, autoimmun xəstəlikləri, stress amilləri fonunda, həmçinin orqanizmdə parazitlər-qurdlar olduğu zaman saçlar tökülə bilər. Xüsusilə qeyd edim ki, orqanizmdə olan parazitlər vitamin balansını və metabolizmi pozur. Nəticədə saçlar tökülməyə başlayır.
- Ocaqlı saç tökülmələrinə nə təkan verir?
- Ocaqlı, yuvalı saç tökülməsi alopesiya istər kişiləri, istər qadınları, son zamanlar isə hətta uşaqları da narahat edən problemdir. Bu zaman başda oval və dairəvi ocaqlar yaranır ki, orada kəskin saç tökülməsi baş verir. Alopesiya xəstəliyi, əslində, elmə tam məlum deyil. Sadalanan autoimmun xəstəliklər, qalxanabənzər vəzin xəstəlikləri, hormonal fonun pozulması, nevroloji, irsi və digər kimi səbəblər, əslində, müxtəlif versiyalardır.
-Saçları problem yaranmadan müalicə etmək olarmı?
-Təbii ki, ildə ən azı 2-3 dəfə saçlarımıza qulluq etmək çox önəmlidir. Lakin insanlar profilaktik müalicəyə çox önəm vermirlər. Saçlar tam xəstə olanda müraciət edirlər. Əgər uzun müddət saça qulluq olunmursa, saç diqqətdən kənarda qalırsa, daxili orqanlarda hər hansı bir fəsad yarandığı zaman saçlar tökülməyə başlayır. Amma profilaktik olaraq sağlam saçları qorumaq daha effektiv olur, saçlar daim parlaq və gur qalır. Ona görə də saçlara zamanında normal qulluq etmək vacibdir.
-Qidalanma və saç sağlamlığı nə dərəcədə əlaqəlidir?
-Saçların sağlamlığı birbaşa qidalanma ilə əlaqəlidir. Saçlarımız daxili orqanlarla qidalanır. Saçın tökülmə səbəbi daxildə çatışmayan vitamin və minerallardır. Qida rasionu vitaminlərlə zəngin olmadıqda, balanslaşdırılmamış, təbii olmayan məhsullarla qidalandıqda, bunun nəticəsində orqanizmdə D vitamini, B12, kalsium, fol turşusu, testosteron çatışmazlığı, prolaktin hormonunun əskikliyi yarandıqda, əlbəttə ki, saçların tökülməsi də qaçılmaz olacaq. Yalnız lazımi analizlərdən sonra saç dibinə hər hansı bir vasitəni təyin etmək olar. Əks halda, heç bir maska yaranmış problemi aradan qaldırmayacaq. Əvvəllər bölgələrdən saç problemləri ilə bağlı müraciətlər daha az gəlirdi. Çünki əhali təbii qidalarla qidalanırdı. Son illərdə isə artıq kəndlərdə də keyfiyyətsiz qida, baxımsızlıq saçların tökülməsini sürətləndirib. Ona görə hər zaman deyirəm ki, keyfiyyətli qida saçın sağlamlığıdır.
- Siz təbii müalicənin tərəfdarısınız...
-Bəli, çünki təbii müalicələr insan orqanizminə heç bir əks təsir göstərmir. Bizim qaraciyərimiz vitamin deposudur. Biz təbii vasitələrlə qidalandıqda qaraciyər vitamin və mineralları daha çox ala bilir. Sintetik-kimyəvi dərmanlar isə orqanizmdə müvəqqəti qalır və tez atılır. Qaraciyər onları toplayıb saxlamır. İnsanlar var aylarla vitaminlər qəbul edir, amma 1 ay keçdikdən sonra bu vitaminlərin miqdarının azaldığını görürük. D vitaminini flakonlarla qəbul edənlər var, lakin onların əksəriyyəti ömür boyu qan azlığından əziyyət çəkir və mütəmadi olaraq vitaminlər qəbul etmək məcburiyyətində qalır. Sintetik olduğu üçün qaraciyər bu dərmanları depolamır.
-Təbii üsullarla müalicə hazırda dünya elminin də seçimidir deyə bilərik?
-Təbii ki, deyə bilərik. Sovetlər dövründə təbii vasitələrlə müalicəyə o qədər də önəm verilmirdi. Amma bu gün bütün dünya ölkələri təbii müalicə üsullarını dəstəkləyir. Çünki farmakologiyanın, tibb elminin kökündə xalq təbabəti, fitoterapiya durur. Mən Böyük Britaniyanın ən məşhur universitetlərindən biri olan Oksfordda, İtaliyanın, digər Avropa ölkələrinin, Rusiyanın, Türkiyənin ali təhsil müəssisələrində olmuşam. Oksfordda və Avropanın aparıcı universitetlərində girişdə 3 insanın -Hipokratın, Qalileonun və İbn Sinanın şəkilləri var. Çünki tibb elmini xalq təbabəti yaradıb və bütün dünya elmi bunu qəbul edir. Bu gün müasir fitoterapiyada hər il 20-yə yaxın bitki elmi təbabətə daxil olur. Hər bir bitkinin farmakoloji, kimyəvi təsiri var. İllər keçdikcə bu bitkilər daha çox öyrənilir və elmi təbabətə daxil olur. Odur ki, təbii vasitələr qaçılmazdır. İnsan orqanizmi təbiətə kodlanıb, təbiətlə bağlıdır. Biz qidanın daha təbiisini axtarırıqsa, müalicədə də təbii müalicəyə üstünlük verməyimiz ən doğrusudur. Düzdür, bəzən elə məqamlar var ki, medikamentoz müalicələr, dərman vasitələri həyatımızda qaçılmazdır. Amma profilaktik olaraq sağlamlığımızı qorumaq üçün bu gün ən doğru seçim təbii vasitələrdir.
Tibb elmləri doktoru, Məlahət Qəhrəmanova
“Nərgiz Med”:(012) 541-72-72; (051)388-70-70; (055)319-81-22