EN

Əli Kərimlinin iflası

Çox doğru olaraq müxtəlif səviyyələrdə keçirilən seçkilər ayrı-ayrı siyasi partiyaların fəaliyyətlərinin barometri qismində qəbul olunur. Dünya ölkələrinin təcrübəsindən də bəllidir ki, hakimiyyətə gəlməyə iddialı olan siyasi partiyalar, necə deyərlər, bütün fəaliyyətləri boyunca seçkilərə hazırlaşırlar, hər seçkini cəmiyyətdə özlərini təsdiqləmək üçün bir fürsət kimi dəyərləndirirlər.

Lakin belə görünür ki, dünya təcrübəsində qəbul olunan bu praktika Azərbaycandakı redikül müxalifət düşərgəsində birmənalı şəkildə iqnor edilir. Xatırladaq ki, rediküllər indiyədək çox az sayda seçkilərə qatılıblar və bir qayda olaraq məğlubiyyət acısı yaşayıblar. İnsanlar onlara səs verməyiblər və bununla da rediküllərə münasibətlərini ortaya qoyublar. Buna görə də cəmiyyətdə nüfuzlarını tamam itirdiklərinin fərqində olan düşərgə təmsilçiləri həmişə özlərini seçkilərdən kənarda saxlamağa çalışırlar. Hazırda Azərbaycanın siyasi palitrası kifayət qədər rəngarəngdir. Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Deputatların 68 nəfəri bir partiyanın, 11 nəfəri isə digər 9 partiyanın üzvləridir. 2023-cü ildə siyasi partiyalar haqqında yeni qanun qəbul edildikdən sonra 58 partiyadan 32-si ləğv olunması barədə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət edib. Qalan 26 partiya yenidən qeydiyyatdan keçmək üçün quruma müraciət ünvanlayıb.  Hazırda respublikamızda qeydiyyatdan keçmiş 26 siyasi partiya var.

Müvafiq qaydada yenidən qeydiyyatdan keçmiş siyasi partiyaların böyük əksəriyyəti seçkilərdə iştirak etməklə bağlı qərar veriblər və öz namizədlərini irəli sürüblər. Həmin partiyaların təmsilçilərinin də bildirdikləri kimi, onlara seçki prosesində iştirak etmək üçün bütün lazımi şərait yaradılıb.

Lakin bu sözləri ayrı-ayrı partiyalar barədə demək mümkün deyil. Məsələn, Müsavat Partiyası seçkilərə qatılmağa qərar versə də, qurumun bəzi təmsilçiləri inamlı olmadıqlarına görə, tərəfdaşlarını seçki prosesinə qoşulmamağa  çağırırlar. Özünü redikül düşərgənin əsas qüvvəsi sayan AXCP isə bütünlüklə seçkilərdən kənarda qalmağa qərar verib. AXCP-nin sədri tez-tez filankəs O.qızının, Qənimət Zahidin və digərlərinin idarə etdikləri inernet televiziyalarından cəmiyyətdəki nüfuzlarından, siyasi proseslərə təsir imkanlarından ağızdolusu danışır. Əgər belədirsə, o zaman Əli Kərimlinin və onun çiyindaşlarının qarşıdan gələn parlament seçkilərində iştirak etməkdən çəkinmələri nə ilə bağlıdır? Əslində, AXCP-nin Ali Məclisində Əli Kərimlinin diqtəsi ilə “seçkilərə qatılmamaq” qərarının verilməsinin izahı üçün hansısa bir səbəb axtarmağa lüzum yoxdur. Bunun yeganə səbəbi AXCP-nin sosial bazasının tamamilə dağılması ilə bağlıdır. Əli Kərimlinin illər boyunca redikül düşərgədə öz bildiklərini etməsi, heç kimlə hesablaşmaması, ən əsası isə Qərbdən gələn qrantları digərləri ilə bölüşmək istəməməsi çiyindaşlarını ondan incik salıb, partiya daxilində yarpaq tökümləri baş verib. Bu gün AXCP-də Əli Kərimlinin ətrafında barmaqla sayılacaq qədər az adam var. Bunun fərqində olan Əli Kərimli üçün seçkilərdə iştirak etməməkdən başqa çıxış yolu qalmayıb və o, yeganə çıxış yolunu seçib. Bu isə artıq Əli Kərimlinin iflası deməkdir.

MÜBARİZ

Chosen
118
11
yeniazerbaycan.com

10Sources