Torpaq vergisinin məbləği Vergi Məcəlləsinin 14-cü fəslinin müddəaları ilə tənzimlənir. Bəs bu verginin məbləği hesablanarkən kimlərə güzəşt edilir? “vergiler.az”ın sualına iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 207.2-ci maddəsində qeyd olunub ki, bu Məcəlləsinin 102.1-1 -ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:
- Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının;
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
Misal 1: Həlak olmuş döyüşçünün dul arvadının mülkiyyətində Naxçıvan sahərində 3.600 m² həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 1.200 m² bağ sahəsi vardır. Bu halda güzəşt hüququ həlak olmuş döyüşçünün dul arvadının mülkiyyətində olan torpağa verildiyi üçün 3.600 m² həyətyanı sahəyə görə hesablanmış 10,8 manat ((3.600 m² : 100 m²) x 0,3 = 10,8 manat) torpaq vergisindən 10 manat güzəşt çıxılaraq 0,8 manat (10,8 – 10 = 0,8 manat) vergi ödənilir. Həmin şəxsin istifadəsində olan 1200 m² bağ sahəsinə hesablanmış 3,6 manat ((1.200 m² : 100 m²) x 0,3 manat = 3,6 manat) vergi məbləğinə güzəşt verilmir və vergi tam məbləğdə bələdiyyə büdcəsinə ödənilir:
Misal 2: Müharibə veteranı olan şəxsin Kəngərli rayonunun Xok kəndində mülkiyyətində olan 1.8 ha bağ sahəsi var. Bu halda vergi güzəşti nəzərə alınmaqla torpaq vergisi aşağıdakı kimi hesablanır:
10.000 m²-ə qədər olan hissə üçün - (10.000 m² : 100 m²) x 0,1 = 10 manat;
10.000 m²-dən yuxarı olan hissə üçün - (8.000 m² : 100 m²) x 0,2 = 16 manat;
(10 manat + 16 manat = 26 manat) - 10 manat (vergi güzəşti) = 16 manat.
Misal 3: Milli Qəhrəmanın istifadəsində olan Abşeron rayonu ərazisində yerləşən bağın sahəsi 3.000 kvadrat metrdir. Onun ödəməli olduğu torpaq vergisinin məbləği aşağıdakı kimi hesablanır:
(3.000 m² : 100 m²) x 0,5 = 15 manat.
Torpağa görə güzəşt fiziki şəxslərin mülkiyyətində olan torpaqlar üzrə tətbiq edildiyindən, bu misalda torpaq Milli Qəhrəmanin istifadəsində olduğu üçün ona 10 manat güzəşt verilmir və hesablanan 15 manat torpaq vergisi tam olaraq ödənilir.
Misal 4: Müharibə əlilinin Bakı şəhərində 1.200 kvadrat metr bağ sahəsi vardır. Onun ödəməli olduğu torpaq vergisinin məbləği aşağıdakı kimi hesablanır:
Hesablanmış torpaq vergisi (1200 m²: 100 m²) x 0,6 manat = 7,20 manat.
Lakin güzəşt məbləği (10 manat) hesablanmış məbləğdən (7,20 manat) çox olduğu üçün müharibə əlili torpaq vergisi ödəməyəcək.
Qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxslərə 10 manat güzəşt onların istifadələrində olan torpaqlara görə deyil, yalnız mülkiyyətlərində olan torpaqlar üçün verilir. Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt torpaq sahələrinin ölçülərinə mütənasib qaydada müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.