Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd edib ki, şuşalılar onu parlamentdə öz nümayəndəsi seçsələr, etimadı doğrultmaq üçün hər şeyi edəcək.
OLAY Modern.az-a istinadən yazır ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.
124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim olunub.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi.