Avropa İttifaqı ölkələri Rusiya Federasiyasından neft tədarükünün bərpası məsələsində Macarıstan və Slovakiyanı dəstəkləməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Avropa İttifaqının ticarət komissarı Valdis Dombrovskis Brüsselin sübut toplamaq və hüquqi vəziyyəti qiymətləndirmək üçün daha çox vaxta ehtiyac duyacağını bildirib.
“Üzv dövlətlərin ticarət nümayəndələrinin dünənki görüşündə Avropa İttifaqının 11 ölkəsi Dombrovskisin təklifini dəstəkləyib, onların heç biri Budapeşt və Bratislavanın tərəfini tutmayıb”, deyə nəşr yazıb.
Bundan əvvəl Slovakiyanın xarici işlər naziri Yuraj Blanar Avropa Komissiyasını Rusiya neftinin Ukrayna ərazisindən tranziti məsələsini tez bir zamanda həll etməyə çağırıb. Slovakiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa Komissiyası çərşənbə günü bu məsələnin müzakirəsini başqa tarixə təxirə salmaq qərarına gəlib.