Yay aylarında havaların istiləşməsi ilə eyni vaxtda elektrik emerjisi çatışmazlığının baş verməsi Şərqi Azərbaycan əyalətində sənaye müəssisələrinin zərərlə işləməsinə səbəb olur.
Elektrik enerjisinin verilişində uzun fasilələrin yaranması xüsusilə əyalətin polad sənayesinə ağır zərbələr vurub və bu hazırda da davam etməkdədir.
Problemlə bağlı açqlama verən Azərbaycan Polad Assosiasiyasının vitse-prezidenti Nayib Dirəxtan, elektrik enerjisinin paylanılmasında Şərqi Azərbaycana qarşı ədalətsizlik edildiyini deyib.
"Energetika Nazirliyi enerji paylaşımının balanslaşdırılmasını həll etməsə, özəl sektorla qarşılıqlı əlaqədə olmasa, cəmiyyətin iqtisadi və sosial vəziyyəti pozulacaq, korrupsiya və inflyasiya artacaq",- Dirəxtan bildirib.
İranda polad istehsalının 25%-nin Şərqi Azərbaycan əyalətinin payına düşməsinə baxmayaraq, son bir neçə ildə davamlı enerji çatımazlığı səbəbindən bu sənaye sahəsi acınacaqlı vəziyyətə düşüb.
visiontv.az