Bu gün İsveçrə-Fransa sərhədində yerləşən Basel-Müluz-Frayburg Euroairport, partlayış xəbərdarlığına görə boşaldılıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, evakuasiya Olimpiya Oyunlarının açılış mərasimi öncəsi təxribat nəticəsində Fransanın dəmir yolu şəbəkəsinin işini dayandırdıqdan bir neçə saat sonra baş verib.
"Təhlükəsizlik səbəbindən terminal boşaldılmalı idi və hazırda o bağlıdır", - deyə Elzasın cənubunda yerləşən Basel-Müluz-Frayburg Euroairport öz saytında yazıb. Bir neçə dəqiqə sonra Fransa polisi partlayış xəbərdarlığının mövcud olduğunu təsdiqləyib.
Yay Olimpiya Oyunlarının açılışı günü Avropada dəmir yolu xətlərinin fəaliyyətində də fasilələr yaranıb. Onlar, həmçinin La-Manş tuneli vasitəsilə Paris və Londonu birləşdirən yüksəksürətli marşruta da təsir göstəriblər.
Artıq təmir işlərinin aparılmasına baxmayaraq, qatarların hərəkət cədvəlində ən azı həftəsonuna qədər gecikmələr gözlənilir.