Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ceyhun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Daha sonra iqtisadiyyat ixtisası üzrə Portuqaliyanın Elm və Texnologiya Fondunun tam təqaüdü ilə Lissabon NOVA Universitetində magistratura və Almaniyanın Bielefeld Universitetində doktorantura səviyyələrində təhsilini davam etdirib.
Ceyhun Məmmədov elmi-pedaqoji fəaliyyətinə 2012-ci ilin sentyabr ayında Xəzər Universitetində başlayıb, 2012–2013-cü illərdə İqtisadiyyat və menecment departamentinin iqtisadiyyat bölməsi üzrə koordinator, 2013–2015-ci illərdə departamentin müdir əvəzi, 2015–2017-ci illərdə departament müdiri vəzifələrində çalışıb. 2017-ci ildən isə universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
Bundan əlavə, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.
Ceyhun Məmmədov “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.