EN

Dünyanın əksər Parlament Assambleyaları 1 sentyabr seçkisinə dəvət olunub- bircə AŞPA-dan başqa...

Image

Xəyal Bəşirov: “...AŞPA-nın Azərbaycanda keçirilən seçkilərə dəvət edilməməsinin əsas səbəbini də məhz onların fəaliyyətində axtarmaq lazımdır”

Azərbaycan sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməyib. Buna səbəb Avropa Şurası və onun Parlament Assambleyasının davamlı olaraq, Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsidir.

Avropa Şurası Parlament Assambleyasından  (AŞPA) başqa bütün təşkilatlar, assambleyalar - MDB-nin Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, İslam Ölkələri Təşkilatının Parlament Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Dünya parlamentlər İttifaqı dəvət edilib.

Azərbaycan sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün yalnız Avropa Şurası Parlament Assambleyası dəvət edilməyib. Səbəb nədir? Niyə dəvət edilməyib?

Ekspertlərin fikrincə, buna AŞPA-nın tutduğu qərəzli və düşmən mövqe səbəb olub. Mütəxəssislərə görə, Avropa Parlamentində, Avropa Şurası Paralament Assambleyasında, bir sıra digər qurumlarda, müəyyən ölkələrdə bu gün də ölkəmizə qarşı dezinformasiyalar davam edir.

Bu təşkilat daim Azərbaycanla bağlı  dezinformasiyalar yayır, ölkəmizə açıq şəkildə hədyanlar yağdırır.

Bildiyimiz kimi, bu il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səsvermə hüququ məhdudlaşdırılıb və səlahiyyətləri sual altına alınıb. Azərbaycan nümayəndə heyəti öz növbəsində bu qərardan öncə qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Qəzetimizin şərhçisi Nahid Salayev qeyd edir ki, faktiki olaraq, AŞPA-da verilən bu bədnam qərar Azərbaycana qarşı qərəzi erməni lobbisindən qidalanan Azərbaycanofobiya və islamofobiya təfəkkürlü avropalı deputatların korrupsiya və rüşvətxor əməllərinin təzahürüdür.

“...Qərəzli şəxslərin təsiri altında addım atan bir parlament assambleyasının Azərbaycandakı seçkilərdə iştirakına yer yoxdur” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində “Bu, əslində, AŞPA-nın bir sıra beynəlxalq təşkilatlar kimi yürütdüyü bumeranq siyasətinin nəticəsidir. Çünki belə təsisatlar adət ediblər ki, birtərəfli qaydada, qarşı tərəfə hörmət etmədən, qarşı tərəfin maraqlarını nəzərə almadan və bərabərhüquqlu olmayan əməkdaşlıq qiursunlar. Düşünürəm ki, AŞPA-nın uzun müddətdir tutduğu mövqenin məntiqi nəticəsdir. Frank Şvabe kimi antiazərbaycan, antiislam siyasəti yürüdən şəxslərin diqtəsi, təşəbbüsü ilə addımlar atan AŞPA-nın Azərbaycanda keçirilən seçkilərə dəvət edilməməsinin əsas səbəbini də məhz onların fəaliyyətində axtarmaq lazımdır. Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı əvvəlcədən hazırlanmış o təhlükəli plan, təbii ki, hər birimizə məlumdur. Onlar ötən sessiyada bu prosesə hazırlıq gördüklərini dilə gətirmişdilər, öncədən bildirmişdilər” - deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsinə də Azərbaycan tərəfi çox layiqli  cavab verdi. Onların atacağı addımdan əvvəl onlara layiqli cavab olaraq nümayəndə heyətimizin AŞPA-nın qapısını çırparaq çıxdığını deyən X.Bəşirov vurğuladı ki, bizə qarşı atılan hər bir addıma biz, bütün platformalarda olduğu kimi, bu platformada da onların layiqli cavabını vermişik. X.Bəşirovun bildirdiyinə görə, Azərbaycan tərəfin əsas tələbi, əsas istəyi, əsas prinsipi ölkəmizlə bərabərhüquqlu əməkdaşlıq qurulmasına üstünlük verilməsidir. O qeyd etdi ki, bu, istənilən təsisata, istənilən dövlətə, beynəlxalq hüququn bütün subyektlərinə münasibətdə belədir. “AŞPA da istisna təşkil etmir. Ona görə də düşünürəm ki, bizə qarşı belə ədalətsiz, qərəzli, ermənipərəst mövqe tutan, Azərbaycanın haqlı mövqeyində ona dəstək olmayan, əksinə, onun qarşısında olan, ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı atdığı qanunu, legitim addımları fərqli formada diqqətə çatdırmağa cəhd göstərən qərəzli şəxslərin təsiri altında addım atan bir Parlament Assambleyasının Azərbaycanda seçkilərdə iştirakına yer yoxdur. Hər birimiz bilirik ki, AŞPA kimlərin təsiri altında fəaliyyət göstərir. 300-dən artıq deputatın mövcud olduğu, lakin cəmi 90 deputatın iştirak etdiyi bir Parlament Assambleyasında, səhv etmirəmsə, bu deputatların da 76-nın iştirakı ilə belə bir qərarın qəbul edilməsi, təbii ki, kimlərinsə diqtəsi altında fəaliyyət göstərən bir prosesi ehtiva edirdi. Ona görə də, fikrimcə, tamamilə doğru qeyd olunur ki, AŞPA-nın 1 sentyabr seçkilərinə dəvət edilməməsi məhz onların fəaliyyətinin, yürütdükləri siyasətin onlar üçün doğurduğu fəsadlı nəticələri göstərir. Gələcəkdə Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki,  AŞPA öz mövqeyində dəyişiklik edəcəksə, Frank Şvabe kimi antiazərbaycan qüvvələrin təsiri altında deyil, elə mövcud olan AŞPA-nın fəaliyyət prinsipləri əsasında addımlar atacaqsa, öz təsis sənədlərinə uyğun fəaliyyət göstərəcəksə, Azərbaycanla əldə edilmiş razılaşmalar əsasında qarşılıqlı öhdəliklərə riayət edəcəksə o halda Azərbaycan bu məsələdə fərqli münasibət göstərə bilər. Əks təqdirdə Azərbaycanın mövqeyi bəllidir. AŞPA-nın bizi iqnor etdiyi müddəcə biz də onlara eyni cavabı verəcəyik, belə bir Parlament Assambleyasının Azərbaycanda baş tutan siyasi proseslərdə iştirakına, təbii ki, imkan verməyəcəyik. Çünki açıq şəkildə antiazərbaycan, qərəzli mövqe nümayiş etdirən bir təsisatın nümayəndələrinin Azərbaycanda baş tutan siyasi proseslərdə iştirakı onların mövqeyinin nədən ibarət olacağını əvvəlcədən bizə deyir. Bu proses bu şəkildə davam edəcəksə, gələcəkdə baş verən proseslərdə də onların iştirakı mümkün olmayacaq” - deyə bildirən X.Bəşirovun sözlərinə görə, əlbəttə, gələcəkdə onlar öz fəaliyyətlərində ciddi dəyişikliklər edəcəklərsə, bizim də mövqeyimizdə ona uyğun dəyişiklik mümkün olacaq.

İradə SARIYEVA





Chosen
52
baki-xeber.com

1Sources