26 iyul - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.
İdman.biz xəbər verir ki, “Dəniz Mall”un qarşısında yaradılmış xüsusi səhnədə baş tutan tədbirdə müxtəlif federasiyalarının nümayəndələri, idmançılar və idman ictimaiyyət iştirak edib.
Tədbir bədii hissə ilə başlayıb. Xüsusi nağara qrupunun iştirakı ilə bir-birindən fərqli musiqilər səsləndirilib. Daha sonra Gənclər və İdman Nazirliyinin 30 illik fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Ardınca nazirliyin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov videoçarx və qisametrajlı film müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Gənclər və dman nazirinin müavini İndira Hacıyeva hər kəsi yubiley münasibəti ilə təbrik edib. O bildirib ki, bu gün təkcə gənclərin bayramı deyil, ürəyində gənclik ruhu olanların özəl gündür: “30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin yaradıldı. Bu illər müddətində yerli idman idarələri fəaliyyətə başladı. Həmin illərdən artıq ölkənin gənclik siyasəti dəyişdi. Bu dövrü biz mərhələlərə bölsək, 1994-2005-ci illərdə Gənclər və İdman Nazirliyinin qurumları yaradıldı. Etinadsız gənclik dövlətə inandı. Növbəti illərdə idman infrastrukturları tikildi. Bu gün ölkəmizdə 33 gənclər evi, 50-yə yaxın olimpiya idman kompleksi var. Bütün bunların hamısı gəncliyin inkişafı üçündür”.
O qeyd edib ki, 2020-ci il Vətən müharibəsində də gənclər möhtəşəmliyi ilə yadda qalıb: “Cənab Prezident İlham Əliyevin də dediyi kimi, qalibiyyətimizdə gənclər əsas rol oynadı. Hazırda dövlət strukturlarında və müəssisələrində çalışan gənclərimiz bir zamanlar “Gənclər hərəkatı”nın bir parçası olub. Bu günkü gündə çox fərqli gəncliyə sahibik. Böyük sevinclə demək lazımdır ki, regionda yaşayan gənclərin siması dəyişib və daha fəalldılar. Artıq gənclərimiz Qərbi Azərbaycan və Şərqi Zəngəzur haqqında düşünür. Azad edilmiş torpaqlarımızın dirçəlməsində iştirak edirlər”.
Tədbir konsert proqramı ilə davam edib. Murad Arif və Rilayanın iştirakı ilə müxtəlif musiqilər səsləndirilib.
Qeyd edək ki, yubiley tədbirində canlı olaraq Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə bağlanılacaq və idmançılarımızın paraddan keçidi də izləniləcək.
Banuçiçək Hüseynli
İdman.biz