EN

G7 oktyabr ayına qədər Rusiya aktivlərindən istifadə etməklə Kiyevə 50 milyard dollar kredit ayıra bilər

Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin verilməsi üzrə işləri oktyabr ayına qədər başa çatdıra bilər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen “Reuters” agentliyinə müsahibəsində bildirib.

İyirmilik (G20) ölkələrinin maliyyə departamentləri və mərkəzi banklarının rəhbərlərinin Rio-de-Janeyroda keçirilən görüşü çərçivəsində Yellen G7 həmkarları ilə Rusiyanın dondurulmuş aktivlərinin, o cümlədən Ukraynanın xeyrinə istifadəsi ilə bağlı danışıqlar aparıb.

Yellen, həmçinin vurğulayıb ki, ABŞ Avropadan Rusiya aktivlərinin uzun müddət dondurulmuş qalacağına dair zəmanət axtarır ki, onlardan əldə edilən gəlir sülh razılaşması əldə olunana qədər krediti ödəməyə kifayət etsin və müharibə nəticəsində Ukraynaya dəymiş zərəri kompensasiya edə bilsin.

Qeyd edək ki, G7 liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirdən 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər.

Rusiyanın Ukraynada əməliyyatlara başlamasından sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Chosen
59
3
apa.az

9Sources