EN

Benzema “Real”ın uğurlu mövsümü haqda nə dedi?

“Real” aparıcı futbolçuları ilə vidalaşandan sonra da Avropada əzəmətini qorumaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, Kriştiano Ronaldo və Serxio Ramos ayrılandan bəri Madrid nəhəngi iki dəfə Çempionlar Liqasını qazanıb. Ötən yay Kərim Benzema ayrılandan sonra düşünmək olardı ki, “Kral klubu” xeyli zəifləyəcək. Fransalı ulduz “Əl-İttihad”a yollandı. Amma “Real” onun yerinə nominal mərkəz hücumçusu transfer etmədiyi halda, həm La Liqanı, həm də ÇL-i qazandı. Səudiyyə Ərəbistanında ilk mövsümü istənilən səviyyədə keçməyən Benzema “Real”ın 2023/24-dəki mükəmməl performansı barədə açıqlamalar verib. “Qızıl top”un sahibi olan 36 yaşlı ünlü fransalı forvard bir neçə gün öncə həmyerlisi Kilian Mbappenin “Real”a transfer olunmasına da münasibət bildirib:
“Bəli, razıyam ki, “Real”, sadəcə, əla mövsüm keçirdi. “Real” onsuz da həmişə dünyanın ən yaxşı klubu olub. Orda oyunçular öz missiyalarını tamamlayandan sonra ayrılırlar. Onların yerini başqaları tutur. Amma dəyişməyən bir reallıq var ki, “Real” həmişə zirvədə olacaq. Hər fürsətdəcə bunu sübut edəcəklərini bilirəm. Ötən il ordan ayrıldığıma görə peşmanammı? Dediyim kimi, oyunçular gəldi-gedərdi. Bu, futbolda hər zaman belə olacaq. Ötən il də artıq mənim ayrılmaq zamanım gəlib çatmışdı. Əlbəttə, Madriddə keçirdiyim illəri hər zaman sevinc və xoş hisslərlə xatırlayıram. Ötən mövsüm həqiqətən güclü idilər. Əla oyun sərgilədilər. Ona görə də La Liqa ilə ÇL-i qazandılar. Hazırda “Real” dünyanın ən güclüsüdü. İştirak etdikləri bütün turnirlər üçün savaşırlar. Bu gün dünya futbolunda onları məğlub edəcək komanda görmürəm. Mbappenin “Real”a keçidi, sadəcə, qaçılmaz idi. Mən həmişə bilirdim ki, Kilian bir gün mütləq “Real”ın formasını geyəcək. Nəhayət, bu, baş verdi. Mbappe xüsusi futbolçudu”.

Geridə qoyduğumuz mövsüm “Əl-İttihad”da məşqçilər korpusu ilə dəfələrlə problem yaşayan Benzemanın bu klubda 29 rəsmi oyunda 13 qol, 8 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.
Chosen
45
football-plus.az

1Sources