Cümə günü Olimpiya Oyunlarının təntənəli açılış mərasimindən cəmi bir neçə saat əvvəl Fransanın yüksək sürətli dəmir yolu şəbəkəsində yanğınlar da daxil olmaqla, “cinayətkar” vandalizm aktları törədilib. Bu, Fransanın digər hissələrindən və Avropadan Parisə səyahəti iflic edib.
Fransa rəsmiləri hücumları “cinayətkar hərəkətlər” kimi qiymətləndirib və bunun Olimpiya Oyunları ilə əlaqəsi olub-olmadığını araşdırdıqlarını bildirib. Rəsmilərin dediyinə görə, yaranan fasilələr hazırda dünyanın diqqət mərkəzində olan Parisdə cümə günü dörddə bir milyon insana təsir edəcəyi və həftə sonu, bəlkə də daha uzun müddət davam edəcəyi gözlənilir.
Fransanın Baş naziri Qabriel Attal X sosial media platformasında Fransanın kəşfiyyat xidmətlərinin cinayətkarları tapmaq üçün səfərbər edildiyini yazıb.
Attal hadisəni “hazırlanmış və əlaqələndirilmiş” və “təxribat aktları” kimi xarakterizə edib.
Xəsarət alanlar barədə məlumat verilməyib.
Nəqliyyat naziri Patris Verqriye yanğınlar və yandırıcı qurğuların aşkar edildiyini və hadisə yerindən qaçan insanları təsvir edib. O, “Bütün əlamətlər bunların cinayət xarakterli yanğınlar olduğunu göstərir” deyib.
BFM televiziyasında danışan Verqriye deyib ki, vandalizm Parisi Fransanın qalan hissəsi və qonşu ölkələrlə birləşdirən bir neçə yüksək sürətli xətti iflic edib.
Fransanın milli dəmir yolu şirkəti “SNCF”-nin bildirdiyinə görə, yanğın törədənlər ziyanı ikiqat artırmaq üçün dəmir yolu kəsişmələrinə təsir edən əraziləri qəsdən hədəf alıb.
Şirkətin baş direktoru Jan-Pyer Farando “Bir yanğın iki istiqaməti sıradan çıxarıb” deyib.
Farandonun dediyinə görə, bu, “əvvəlcədən düşünülmüş, hesablanmış, koordinasiya edilmiş hücumdur” və bu, fransız xalqına “ciddi zərər vermək istəyini” göstərir.
Hücum şəhər 2024-cü il Olimpiya Oyunlarına hazırlaşarkən qlobal gərginlik və gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda baş verib.
Amerikanın səsi
Share
Tweet
Share
Share