EN

Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır

Sorğu:

Bakı, 27 iyul, AZƏRTAC

Hakim “İşıqfor” koalisiyasının (Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar partiyaları) işindən narazı olan almanların sayı ötən ayla müqayisədə bir qədər də artaraq 73 faizə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu INSA sosiologiya institutunun “Bild am Sonntag” qəzetinin sifarişi ilə keçirdiyi sosioloji rəy sorğunun nəticələri göstərib. Belə ki, respondentlərin 73 faizi hökumətin fəaliyyətindən narazı olduğunu bildirib ki, bu da öncəki ayla müqayisədə bir faiz çoxdur. Rəyi soruşulanların yalnız 20 faizi hökumətin fəaliyyətindən razı olduğunu söyləyib.

Bununla yanaşı, respondentlərin 67 faizi Kansler Olaf Şoltsun fəaliyyətini bəyənmədiyi halda, 23 faizi onun siyasətini dəstəkləyib.

İyulun 25-dən 26-dək aparılan sorğuda 1003 nəfər Almaniya vətəndaşı iştirak edib.

Qeyd edək ki, 2025-ci il sentyabrın 28-də Bundestaqa (Almaniya parlamenti) növbəti seçkilərin keçiriləcəyi gözlənilir. Seçkinin nəticələrinə əsasən ölkənin yeni hökuməti formalaşacaq. Olaf Şolts Almaniya hökumətinin başçısı vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini bildirib. O, hazırda Sosial Demokrat Partiyası ilə yanaşı, Yaşıllar və Azad Demokratların da daxil olduğu koalisiya hökumətinə rəhbərlik edir. Son sorğuların nəticələrinə görə, üç partiyanın ümumi reytinqi cəmi 31 faizdir.

Chosen
58
2
azertag.az

1Sources