1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Sergey Karnauxov saxlanılıb.
Müəyyən edilib ki, S.Karnauxov "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28 000, 9 000 və 6 000 manat olmaqla ümumilikdə üç vətəndaşa 43 000 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən olunub.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd olunanları nəzərə alaraq bir daha vurğulanıb ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olmalıdırlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirməlidirlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməlidirlər.