Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edərək Ukraynanın Rusiya Federasiyasına qarşı hazırladığı gizli əməliyyatdan danışıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) üç mənbəyə istinadən məlumat yayıb.
Belousovla Ostin arasında ilk söhbət iyunun 25-də olub. Daha sonra, nəşrin izah etdiyi kimi, Rusiya və ABŞ Müdafiə nazirliklərinin rəhbərləri əlaqə xətlərini açıq saxlayıblar.
NYT yazır: “İyulun 12-də cənab Belousov xəbərdarlığı çatdırmaq üçün zəng edib: ruslar Ukraynanın Rusiyaya qarşı gizli əməliyyatını aşkar ediblər və onların fikrincə, bu, amerikalılar tərəfindən bəyənilib”.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Belousov Ostinin Kiyevin gözlənilən əməliyyatından və Moskva ilə Vaşinqton arasında gərginliyi artıra biləcək potensial təhlükədən xəbəri olub-olmadığını soruşub. Nəşr qeyd edir ki, Pentaqonun bundan xəbəri olmayıb və Rusiya tərəfinin bəyanatından təəccüblənib.