Ukraynadan sonra toqquşma məntəqəsi Cənubi Qafqaz
Ermənistanla Azərbaycan arasında siyasi gərginliyin olması heç kimə sirr deyil. Tərəflər arasında danışıqlar demək olar ki, dayanıb. Faktiki olaraq, Ermənistan tərəfinin İngiltərədəki görüşdən imtina etməsi və bunu Azərbaycan tərəfinin danışıqlardan qaçmaq kimi qəbul etməsi siyasi gərginlikdən xəbər verir.
Siyasi gərginlik bu şəkildə davam edəcəksə, yerini hərbi gərginliyə verə bilər. Artıq bunun işartılarını da görməkdəyik. Bu barədə bir qədər sonra.
Ermənistanın Fransadan, Hindistandan, iddiaya görə, İrandan silah alması regionda silahlanma yarışına gətirib çıxarıb. Azərbaycan tərəfi eyni vaxtda həm qarşı tərəfin aldığı silahlara adekvat silahlar almalı, həm Qarabağda quruculuq işləri görməli, həm də əraziləri minalardan təmizləməlidir. Bunlar təbii ki, milyardlara vəsait hesabına başa gəlir. Bunların üzərinə silahlanmaya da vəsait ayrılması Azərbaycanın vəziyyətini bir qədər də qəlizləşdirir. Bütün bunların eyni vaxtda baş verməsinə iqtisadiyyat necə dözəcək, onu iqtisadçılar şərh etsə, daha yaxşı olar.
Ermənistan ordusunda faktiki olaraq həm Fransanın, həm ABŞ-nin hərbi nümayəndələri mövcuddur. Bu o deməkdir ki, orduda da xeyli sayda konstrukturları var. Qərb seçim qarşısında qalmışdı. Gürcüstan, yoxsa Ermənistan. Gürcüstan ona görə seçilmədi ki, onun Rusiya ilə birbaşa sərhədi var və Gürcüstan ordusu Rusiyanın qarşısında dözüm gətirə bilməz. Ermənistanın isə Rusiya ilə birbaşa sərhədi yoxdur. Gürcüstanın Rusiyaya müharibə edə bilməz, ancaq Ermənistanın hazır konfliktdə olduğu ölkə var – Azərbaycan. Tərəflər hazırdır. Bir tərəfdə Rusiya və Azərbaycan. Digər tərəfdə isə Ermənistan, ABŞ və Fransa. Ermənistanı siyasi baxımdan Rusiyanın caynağından alan Qərb hazırda iqtisadi və hərbi baxımdan da addımlar atır.
Ermənistanda son günlər üçüncü müharibə ən çox müzakirə edilən mövzulardan biridir. Bunun indiki məqamda ortaya atılması təsadüfi sayıla bilməz. Sanki Ermənistan və Azərbaycanı müharibəyə sürükləyən qüvvələr var. Əgər müharibə olacaqsa, Azərbaycan müharibəyə getmir, müharibə Azərbaycana doğru gəlir. Bunu bu cür qiymətləndirmək daha dorğu olar. Hesab edirəm ki, tərəfləri müharibəyə sürükləyən qüvvələrin Azərbaycanla bağlı planları da var. Böyük ehtimal sanksiyalar paketini hazırlayıb əllərinin altında hazır saxlayırlar.
Tovuz istiqamətində Ermənistan tərəfinin təxribatına Azərbaycan tərəfi sərt bəyanatla cavab verdi. Rəsmi Bakı açıq şəkildə bildirir ki, təxribatlar davam edəcəyi təqdirdə, arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Bundan əvvəl də Azərbaycan tərəfi bəyanatlarının birində iki dəfə “müharibə” sözündən istifadə edərək Ermənistana xəbərdarlıq etmişdi.
Proseslər o zaman qızışa və hərbi gərginlik arta bilər ki, atəşkəsin pozulması halları zamanı itkilər olsun.
Baş verənlər Rusiya Ukrayna müharibəsinin sanki Cənubi Qafqaza transferi kimi də qiymətləndirlə bilər.
Ümid edirəm, proseslər daha da irəliyə getməz. Çünki üçüncü müharibə Azərbaycan-Ermənistan müharibəsi olmaqdan çıxacaq (yeri gəlmişkən, bu barədə elə 2020-ci ilin noyabr, dekabr aylarında yazılar yazmışam) və regionu iflic edəcək.