EN

Evren Alkaya: “Bunu uğursuzluq kimi dəyərləndirmək insafsızlıq olar”

“Yarışda komandamızın yarısı U-16 millisindən təşkil olunmuşdu. Digərləri də 18 yaşlı deyildi. Bu səbəbdən də enerjimiz çatmadı”.

Bunu İdman.bizə basketbolçu qızlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatında C divizionunun gümüş medal qazanan yığmanın finalda meydan sahibi Kosovaya 65:75 hesabı ilə məğlub olmasının səbəblərini açıqlayıb. O bildirib ki, bu, yeni yaradılan komandadır: “Beynəlxalq yarışlarda oynaya biləcək 16-17 basketbolçumuz var. 1 komandadan 2 heyət qururuq. Bu səbəbdən də bir qədər gücümüz yetmədi. Rəqib komandanın atışları bizdən daha uğurlu oldu. Onlarda 1 nəfəri çıxmaqla, hər biri 2006-cı il təvəllüdlü basketbolçu idi. Oyunçularımızın yaşının az olması özünü göstərdi. Bu cür qarşılaşmalarda bu çox təsiredici olur. Əslində, finalda yaxşı oyun göstərdik. Hücumda effektli idik. Amma müdafiədə çatışmazlıqlarımız oldu. Rəqib yaxşı hazırlaşmışdı. Öz meydanlarında oynamağın üstünlüyündən, azarkeşlərin dəstəyindən də istifadə etdilər. Təxminən 1000-ə yaxın insan vardı. Bu da oyunçularımızda həyəcan yaratdı. Amma biz də çox epizodu qaçırdıq”.

Alkaya oyunlarda qızların göstərdiyi performansdan razı qaldığını deyib: “Komandanın çıxışını yaxşı dəyərləndirirəm. Gələn mövsüm də millimiz bu kateqoriyada oynaya bilər. Amma yenə də çox oyunçumuzun yaşları az olacaq. Əslində, bu il bu turnirdə iştirak etməməliydik. Təcrübə toplamaq üçün gəldik. Finala qədər irəliləməyi də gözləmirdik. Bizim üçün medal qazanmaq sürpriz oldu”.

Baş məşqçi finaldakı məğlubiyyəti uğursuzluq hesab etmir: “Bu cür yarışlar basketbolun inkişafa yeni başladığı ölkələrdə bir dəyərləndirmədir. Hər kəs komandasına kənardan baxır və çatışmazlıqları düzəltməyə çalışır. Bu bizim 2-ci ilimizdir. 2 ildə 2 qızıl, 1 gümüş medal qazandıq. Bunu uğursuzluq kimi dəyərləndirmək insafsızlıq olar. 20 ildir basketbolu olan ölkələrdə bizim qazandığımız nəticələr əldə olunsa, onu uğur kimi qiymətləndirərlər. Finalda 10 xal fərqilə məğlub olduq. Normalda bu 5-6 xallıq fərq olmalıydı”.

Qeyd edək ki, millimiz finaldan əvvəl meydana çıxdığı 4 görüşün hər birində qələbə qazanıb.

Emin Ağa
İdman.biz

Chosen
60
idman.biz

1Sources