1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP kimi tanınan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası sənayeləşmə başlayandan sonrakı dövrdə ölkələr tərəfindən atılan tullantıların miqdarını nəzərdə tutur və buna görə də hər bir dövlətin tarixi məsuliyyəti müəyyənləşdirilir.
Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. COP-un ilk toplantısı 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sonuncu tədbir - COP28 isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
2024-cü ilin noyabrında COP29-a Azərbaycan ev sahibliyi edəcək. Artıq ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan qeyri-hökumət təşkilatları (QHT) və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a ev sahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər. Bununla yanaşı, sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşan, ümumilikdə 106 ölkədən 2 300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası da Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib. Assosiasiyaya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub. Hətta Ermənistan ev sahibliyinə namizədliyini geri götürərək, COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib.
Lakin buna baxmayaraq, COP29-un Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşan və qərəzini gizlətməyən ölkə və təşkilatların da mövqeyi gecikmədi, Bakının bu tədbirə ev sahibliyi edə bilməyəcəyi kimi hədyan fikirlər səslənməyə başladı. Qərb mətbuatının, AŞPA-nın, Fransa və ABŞ Konqresinin bəzi nümayəndələrinin səsləndirdiyi fikirlər onların riyakar mövqeyini bir daha ortaya qoydu. Halbuki, statistikaya nəzər salanda, Azərbaycanın onu ittiham edən ölkələrdən fərqli olaraq, zəngin mədəni irs və ekoloji sərvətlərin qoruyucusu olduğu, iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəallığı ilə daha çox önə çıxdığını görürük.
Bunun ən böyük sübutu elə COP-un heç vaxt ABŞ-də keçirilməməsidir. Səbəb isə məlumdur: ABŞ-nin karbon emissiyalarının həcminə görə tarixi məsuliyyəti 430 milyard tondan çoxdur ki, bu da dünyada ən yüksək göstəricidir. Eləcə də, statistikaya görə, ABŞ gündəlik 13 milyon barel neft hasil edərək dünyada istehsal olunan neftin həcmində təxminən 15%-lik paya malikdir və bununla dünyada ilk sırada qərarlaşır. Həmçinin, dünyada iqlim dəyişmələri böhranının yaranmasında ən çirkli yanacaq növü sayılan kömürdən Birləşmiş Ştatlarda hələ də yanacaq növü kimi istifadə edilir. Bununla yanaşı, ABŞ ekoloji baxımdan adi qazdan da zərərli olan sıxılmış maye yanacaq istehsalında da lider mövqedədir.
Müasir sivilizasiyanın üz qarası Fransanın məsuliyyətsizliyi isə saymaqla bitməz. Parisin müstəmləkəsində saxladığı ölkələrin sərvətini necə talan etdiyi, bu ölkələrin ekologiyasına necə divan tutduğu heç kəsə sirr deyil. Fransa bu ölkələri açıq-aşkar istismar edir və azğın siyasəti ilə inkişafdan saxladığı koloniyaları daha da yoxsulluğa sürükləyir. AŞPA və Qərb mətbuatı isə bu açıq-aşkar faktları görməzdən gələrək, yaşıl enerji layihələri ilə artıq qabaqcıl ölkələrdən birinə çevrilməkdə olan Azərbaycanı ekologiyaya zərər vurmaqda ittiham edir.
Təsəvvür edin, ərazisi 30 il Ermənistanın işğalında qalan, bu illər ərzində Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Espoo, Bioloji müxtəliflik haqqında, Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında, BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Orxus konvensiyalarının pozulması ilə ciddi zərərə məruz qalan Azərbaycan, lakin ittiham olunan da Azərbaycan? Təbiətin mühafizəsindən danışanda az qala ağzına çullu dovşan yerləşməyən Qərb cəbhəsi bütün bunlara kor olmaqdansa, yaxşı olar ki, öz ayıblarını yada salıb sussun.
Gəlin ittihamlara həm statistika ilə, həm də ən ali səviyyədə cavab verək və Prezident İlham Əliyevin bu ilin 4 iyununda Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışını xatırlayaq:
"Bu, asan iş deyil, lakin biz buna hazırıq. Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq. Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensial təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaq. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".
Ölkə başçısının bu açıqlaması Azərbaycanın bu tədbirə necə ciddi yanaşdığını, iqlim dəyişikliyinin yaratdığı problemlərin həllini axtaran ölkə olduğunu təsdiq edir. Bu təsdiq həm də bu istiqamətdə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirənlərin fikirlərinin əsassız olduğunu təsdiq edir.
Nümunə olaraq xatırlatmaq yerinə düşər ki, 2022-ci il mayın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bununla da 2030-cu ilədək ölkəmizin elektrik enerjisi üzrə qoyuluş gücündə yaşıl enerjinin payının 30%-ə çatdırılması nəzərdə tutulur. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası elan edilib. Bütün bu faktlar Azərbaycanın yaşıl enerji potensialını izah edir. Bu, həm də onu göstərir ki, özlərini ekologiya və ətraf mühit təəssübkeşləri kimi göstərənlər, əslində, öz çirkin xislətlərini nümayiş etdirirlər.
Ümumiyyətlə, Azərbaycanı ittiham edən bəzi Avropa ölkələri ittihamdan əvvəl Azərbaycana uzatdıqları ehtiyac əllərinə gərək diqqətlə baxsınlar. Çünki Azərbaycanın nefti və qazı Avropa bazarlarına uzun illər lazım olacaq.
Azərbaycanın təbii qaz ixracının yarısı - 12 milyard kubmetri Avropa İttifaqı ölkələrinin bazarlarına gedir, yaxın üç ildə bu rəqəm məhz Avropa Komissiyasının xahişi ilə 20 milyard kubmetrə çatacaq, qazı alacaq ölkələrin sayı isə səkkizə çatıb. Onlar buna görə Azərbaycana təşəkkür etməlidirlər. Həm də ona görə təşəkkür etməlidirlər ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə və bu tədbirə bütün potensialını ortaya qoyaraq hazırlaşmaqla bütün dünyanı narahat edən problemin həllində rol oynamaq niyyətindədir. Halbuki, həmin dünyada həm də Azərbaycanı ittiham edənlər yaşayırlar.
Aqil Vəlili