Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində İcra və probasiya şöbəsinin və yerli icra və probasiya qurumlarının əməkdaşlarının iştirakı ilə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində 2024-cü ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Ulusal.az-a Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev hesabat dövrü ərzində icra xidmətinin fəaliyyətinə dair görülən işləri qeyd edib.
Bildirib ki, məhkəmə qərarları icra və probasiya qurumlarının icraatına daxil olan vaxtdan icra məmurları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq icra hərəkətləri həyata keçirilir.
İ.Vəliyev qeyd edib ki, icradan yayınan və icra məmurunun qanuni tapşırıqlarını yerinə yetirməyən borclular barəsində təsirli tədbirlər görülməklə icra sənədlərinin icrası başa çatdırılmalıdır.
İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev çıxışında qeyd edib ki, 2024-cü ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 4842-ə çatıb. Onlardan 2614 işin icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 9 milyon 189 min 418 milyon manat vəsait ödətdirilib.