Cari ilin yanvar–iyun aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artaraq 2,1 milyon ton olub. Qeyd edək ki, 2023-cü ildə Orta dəhliz ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə yenə də 65 faiz artaraq 2,7 milyon ton təşkil edib.
Qeyd edək ki, Dünya Bankının (DB) hesabatında 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağı və yüklərin daşıma müddətinin 2 dəfə azalacağı proqnozlaşdırılır. Eyni zamanda investisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhlizin transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə biləcəyi bildirilir. Bundan başqa, adıçəkilən layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrutu gerçəkləşdirməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz ölkəmizin iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. Bu layihə ilə əlaqədar fəaliyyətin gücləndirilməsi Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün mühüm önəm daşıyır.
Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi kimi Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biri kimi dəyərləndirilir. Buna görə də bu dəhliz üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.