EN

İsgəndər Sərdarlı: "Ulduz" da həsrətini çəkdiyim bir Vətən gördüm... - ÖZƏL

"Ulduz" jurnalı mənim gəncliyimin ən sevimli dərgilərindən olub. Nə gizlədim, o zamanlar oxuduğum bəzi kitab və jurnallar həm də növbəylə balışımın altında qərarlaşardı. Mütaliəmi tam başa çatdırmamış ayrılıq olmasın deyə. İndiki kimi içinə bir dünyanı sığışdıra biləcək mobil telefonun olmadığı durumda mənim həyatdan qavradıqlarımdan, oxuduqlarımdan yaranan düşüncələrin hüdudlarına sığacaq amma daha işıqlı bir dünyam vardı axı...

Bu ötən günlərimi bir yerdə keçirdiyim "Ulduz" jurnalı məni yenidən o illərimə qaytara bildi. Beləcə o, bu sayında bu cür var olmağıyla mənə yenidən hədsiz əzizləşən, doğmalaşan dərgi gəncliyimdə olduğu tək neçə gün fasiləsiz mənimlə oldu. Yəni ayrıla bilmədim ondan. (Gözlərimin qavrama imkanlarının məhdudluğundan da bir nəfəsə oxuya bilməzdim... tam səmimi deyim,bəlkə də  imkanım olsaydı da bu birdəfəlik oxunulası bir şey deyildi). Əslində keçmişlə yaşayanları qınasalar da bu halda mənim qənaətim fərqlidir. Burda, məhz "Ulduz" jurnalının bu sayında, onun belə məzmunda işıq üzü görməsində başlıca səbəbkarlardan biri  olan görkəmli ziyalımız, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, hörmətli professorumuz Mahirə xanım Nağıqızının və fəaliyyətinə, qələminə böyük rəğbət bəslədiyim tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun yazdıqları ön sözdə keçmişimizdən bu günümüzə şölələnən sönməz bir işığın altında əzəmətli, heç vaxt yenilməyən möhkəm bir təməli, bünövrəni gördüm. Bugünkü xəyallarımızı, arzularımızı reallığa çevirib gələcəyə daşımaq üçün bax o əzəmətli bünövrəyə, sarsılmaz təmələ söykənməyimizin indi necə vacib olduğunu gördüm.

Mənə görə indi bizim hamımızın içində "Qərbi Azərbaycana Qayıdış" adlı, möhtəşəm, həm də ölçülərə gəlməz bir ev tikilməkdədir. "Ulduz" jurnalının xüsusi buraxılışının olduqca qiymətli ön sözündəki çox incə mətləblərlə bizə çatdırılır ki, bir vaxtlar Ümummilli Liderimiz Heydər Əliyev" Azərbaycan xalqının bu əzab- əziyyətinə görə hər şey onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Ğöyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz" fikirlərini söyləyərkən o, artıq içindəki inamın yenilməz qüdrətiylə bizim üçün çox müqəddəs olan "Qərbi Azərbaycana Qayıdış" adlı evimizin ən səriştəli memarı olmuş, bizi rəşadətli ordumuzla, bu amal uğrunda sıx birləşən xalqımızla əsrlərin zəfərinə gətirən Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə "Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq!" deməsiylə həsrətində olduğumuz bir evin ən davamlı bünövrəsini, təməlini qoymuşdur.

Bəli, təcrübəli ölkə başçımızın zaman zaman qoyduğu bünövrələrin, qurduğu təməllərin sarsılmazlığı ortadadır.

Qabaqcıl təhsil ocaqlarımızdan biri olan ADPU-də özünə çox ləyaqətli insanların əzmiylə, iradəsiylə pərvəriş tapmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi də zaman zaman bu bünövrəyə söykənən yüksəlişi quranların ən ön sırada olanlarındandır. İmza atdığı hər layihəni sevə sevə izləmişəm. Bir sənətkar olaraq bəhrələnmişəm də. İçimizdə beşik tapan bir sevdanın iziylə İmirlidən Topqapıyadək şərəfli bir yol da keçmək qismət oldu bizə(Bu ayrıca bir mövzudur).

Mərkəz hər addımında sərgilədiyi, akademik yanaşmayla ərsəyə gətirdiyi çoxsaylı tədqiqatlarıyla, araşdırmalarıyla, həyata keçirdiyi məzmunu müxtəlif istiqamətləri əhatə etmiş tədbirləriylə indiyədək bizə çox şeylər söylədi. Yetər ki, buradan götürdüklərimizlə qəlbimizdə bəslədiyimiz Vətən sevdasından yoğrulan kərpiclərlə qayıdış evimizin divarlarını hörək. "Ulduz" jurnalının bu cür buraxılışını ərsəyə gətirən əməl sahibləri bizim üçün artıq bəlli sütunları da qurmaqdadırlar. Bu sütunların arasına divar hörmək də böyük şərəfdir. Əsas odur müqəddəs qayıdışımızı hamılıqla, birlikdə ərsəyə gətirək. Zəkamızda, zehniyyətimizdə, duyğularımızda, nəhayət ruhumuzun lütfü ilə qurduğumuz daha möhtəşəm Qərbi Azərbaycanımız üçün bu çox vacibdir. Nisgil, həsrət məzmunlu bir enerjini ümid, zəfər dolu enerjiyə çevirmək indi bizim vəfa borcumuzdur. İndiyədək soyuq bir ruzigarda öz isti, doğma ana qucağından amansızcasına qoparılan körpələr tək yaşamaqdayıq çoxlarımız. Uzun illər içimizdə bir Qarabağ göynərtisi də vardı. Şükürlər olsun ki, bu bitdi artıq. İndi də Qərbi Azərbaycan nisgilimizin, həsrətimizin yanğısını ovutmaq üçün yenidən daha böyük əzm və sevdayla böyük vətənimizin bizdən ayrı düşmüş parçasının əsrlərlə formalaşmış, oturuşmuş müqəddəs törə ənənələrinə, milli mənəvi dəyərlərinə, bu dəyərlərə söykənən olduqca zəngin mədəni irsimizə qucaq açmalı, onu yenidən qarış qarış öyrənməli, incələməli, bu günkü dünyamızın şərtlərini nəzərə almaqla təbliğ etməli, öyrətməli və bacardıqca tanıtmalıyıq.

Əslində indi ərz etdiyim bu fikirlər,yazı boyu toxunduğum bir çox mətləblər yuxarıda qeyd etdiyim qiymətli ön sözdəki təvazökarcasına tərənnüm olunan        Bir parça daş vətəndir,

Hər yerdə baş vətəndir!

məzmunlu poetik düşüncənin dərin hikmətinin diqtəsiylə qələmimdən süzülüb. Hörmətli professorumuz Mahirə xanım Nağıqızına məxsus olan bu ifadənin, qiymətli kəlamın fəlsəfəsi uzun müddət məni düşündürüb, elə indi də düşündürür...

Bir parça daşın dastanlara sığmayan sevgi dolu əzəməti, vüqarı olan vətən təcəssümü... Eləcə də hər yerdə bu vətəni ucalardan uca, başda tutan başların içindəki zehniyyətin, düşüncələrin təntənəsi olan VƏTƏN...

Qeyd edim ki, "Ulduz" jurnalında müxtəlif istiqamətlərdə Qərbi Azərbaycan adlı vətənimizi yaşadan müəllifləri bir arada, burda görməkdən də böyük zövq aldım. Elimizin çox dəyərli ziyalılarının bu formatda təqdimatı da dərin, müdrik yanaşmadı mənə görə. Sanki həsrətini çəkdiyimiz o torpaqların bizə bəxş elədiyi ziya ulduzları bir jurnalın sığdığı dünya səmasında sayrışırdılar. Fəxrimiz, qürur mənbəyimiz olan bu insanlar həm də Vətən dediyimizin ən qiymətli sərvətləridir. Sözləriylə, yazılarıyla, yaratdıqlarıyla, fəaliyyətləriylə, əməlləriylə, xatirələriylə. Mənə görə bu format unikallığıyla yadda qalacaq. Hər şeyə rəğməm burda bir ensiklopedik məlumatları təcəssüm edən məqamlara da rast gəlmək olur. Könül istərdi ki, özünü Qərbi Azərbaycan, vətən sevdalısı sayan hər bir Azərbaycanlının evində "Ulduz" jurnalının bu buraxılışı stolüstü məkan tapıb ürəklərə yol açsın. Bir vaxtlar Qarabağ sevdasına kökləndiyimiz təki bağrımızdan ayrılmış bir vətənə, onun şanlı tarixinə, ənənələrinə, milli mənəvi dəyərlərinə söykənən o zəngin mədəni irsinə heç olmasa düşüncələrimizdə tam sahib çıxmağımız üçün...

Fürsətdən istifadə edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi" nə, "Ulduz" jurnalına, "Təhsil" Nəşriyyatına bu gərəkli layihəyə görə hədsiz təşəkkürlərimi çatdırıram.

İsgəndər Sərdarlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
49
2
olaylar.az

3Sources