Qaraböcək və ya dozanqurdu kimi tanınan peyin böcəklərini gördükdə adından və xarakterindən iyrənib dərhal uzaq olmağa çalışsaq da, onlar təbiətin zəhmətkeş və maraqlı canlılarındandır. Bizimyol.info xəbər verir ki, bu kiçik, lakin təsirli heyvanlar ekosistemdə mühüm rol oynayır. Ola bilsin ki, ikrahınız getməz, amma hörmətiniz mütləq artacaq. Qədim misirlilərin müxtəlif növlərə hörmət etdiyini də bilirik. Deməli, onların da nəyisə bildiyini deməyə bilmərik. Təbii ki, misirlilər kimi heykəllərdə, zərgərlikdə və ya sənətdə skarabları görmək kifayət deyil, amma yenə də var olduqları üçün onlara təşəkkür edirik. Soruşursan niyə? Qaraböcək peyinlə qidalanır Onların ən böyük vəzifəsi ətrafdakı heyvan nəcisini təmizləməkdir. Bu yolla xəstəlik yaya bilən mikroorqanizmlərin və parazitlərin yayılmasının qarşısını alırlar. Onlar ətrafdakı nəcisləri sürətlə yerin altına daşımaqla həm ətraf mühiti təmizləyir, həm də torpağın qida dəyərini artırır. Bu, bitkilərin daha sağlam böyüməsinə kömək edir və torpağın münbitliyini artırır. Qaraböcəklər peyini torpağın altına basdırmaqla yanaşı, həm də torpağı havalandırır Proses torpağın strukturunu yaxşılaşdırır və onun su tutma qabiliyyətini artırır. Torpağın alt qatlarına daşıdıqları üzvi maddələr bitkilərin ehtiyac duyduğu qidaların daha geniş əraziyə yayılmasını təmin edir. Bu, əslində daha sağlam və daha güclü bitkilərə töhfə verməklə kənd təsərrüfatı məhsuldarlığını artırır. Qaraböcəklərin digər mühüm rolu karbon dövranına töhfə verməkdir. Üzvi maddələri torpağa basdırmaqla bu maddələrin sürətlə parçalanmasını təmin edirlər. Beləliklə, atmosferə buraxıla bilən istixana qazlarının miqdarını azaldır. Buna görə də, peyin böcəkləri iqlim dəyişikliyi ilə mübarizədə təbii köməkçidir. Qaraböcəklərin ekosistemə verdiyi faydalar dolayısı ilə hamımıza təsir edir. Əkinçilik sahələrində torpağın keyfiyyətinin yüksəldilməsi daha məhsuldar məhsulların yetişdirilməsinə şərait yaradır, heyvanların otlaq sahələrində nəcisin təmizlənməsi isə heyvanların sağlamlığını qoruyur, xəstəliklərin yayılmasının qarşısını alır. Bu, heyvandarlıq sənayesində daha sağlam və məhsuldar mühit deməkdir. Sizcə artıq onları təbiətin gizli qəhrəmanları adlandıra bilərikmi? Qadir, Bizimyol.info