Venesuelada müxalifətin kütləvi etirazları başlayıb. Müxalifət hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Sfera.az bildirir ki, rəsmi məlumatlara görə, Venesuelanın hazırkı prezidenti Nikolas Maduro 51% səs toplayıb. Exit-pollların nəticələrinə görə, vətəndaşların demək olar ki, 65%-i müxalifətin namizədi Edmundo Qonzalesə səs verib.
Venesuela Milli Seçki Komissiyası hazırkı prezident Nikolas Maduronu səsvermənin qalibi elan edib: seçki komissiyasının məlumatına görə, o, 5,15 milyon, rəqibi, keçmiş diplomat Edmundo Qonzales isə 4,45 milyon səs toplayıb.
Lakin müstəqil sosioloqlar bu nəticəni ağlasığmaz adlandırıblar. Müxalifət üçün mövcud olan saylar göstərib ki, seçicilərin 2,75 milyonu Maduroya, 6,27 milyonu isə Edmundo Qonzalesə səs verib.
Müstəqil exit-pollların nəticələrinə görə, Qonzalesə 65%, Maduroya isə 14-31% dəstək olub.
Səslərin sayılması və ya etiraz aksiyaları ilə əlaqədar azı iki nəfər, (biri Taçira əyalətində, digəri isə Marakayda) ölüb.
Etirazçılar bazar ertəsi Venesuelanın müxtəlif şəhərlərində, o cümlədən Karakasdakı prezident sarayının qarşısında və bəzi seçki rəsmiləri qarşısında toplaşıblar.
Venesuela vətəndaşları Latın Amerikasında izdihamın mətbəx qabları ilə yüksək səslər çıxardığı ənənəvi etiraz forması olan “cacerolazos”dan istifadə ediblər. Lakin sonradan bu görüşlər daha aqressivləşərək, küçələrdə ixtişaş və dağıntılarla müşaiyət olunub, yol infrastrukturları yandırılıb.
Falcon əyalətinin paytaxtı Koroda etirazçılar mərhum prezident Uqo Çavesin heykəlini söküblər. Bir gecədə Karakasda və başqa yerlərdə seçki məntəqələri qarşısında müxalifətlə hökumət tərəfdarları arasında toqquşma baş verib.
Polis bəzi yerlərdə gözyaşardıcı qazdan istifadə etməli olub.
Xatırladaq ki, iyulun 29-da Venesuelada həm Maduro, həm də müxalifət lideri eyni vaxtda prezident seçkilərində qələbə qazandıqlarını elan etmişdilər.
Aynil
Sfera.az