EN

Qurban Qurbanov: Əldə etdiyimiz uğurların davamını gətirməliyik

Qurban

Bakı, 30 iyul, AZƏRTAC

"Əvvəlcə Olimpiya çempionu olan Azərbaycan cüdoçusu Hidayət Heydərovu təbrik edirəm. Bu adı qazanmaq hər bir idmançının arzusudur. Oyuna gəlincə, əla mübarizə apardıq. Komandadan razı qaldım".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda doğma meydanda Cəbəllütariqin “Linkoln” komandasına 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, növbəti mərhələdə hansı rəqiblə düşəcəyi ilə bağlı düşünmədiyini bildirib: "Biz bütün fikrimizi bugünkü oyuna yönəltmişdik. "Ludaqorets" Avropada son illər yaxşı təsir bağışlayır. "Dinamo"nun (Minsk) da heyəti gəncdir. Onların sürətli oyunçuları var. Güclü olan tərəf bizə rəqib olacaq".

Mütəxəssis ildən-ilə komandasının beynəlxalq arenada böyük təcrübə yığdığını söyləyib: "Əldə etdiyimiz uğurların davamını gətirməliyik. Arxayınlaşmaq olmaz. Daha yuxarı pillələrdə olmaq istəyirik".

"Qarabağ"ın çalışdırıcısı AFFA Hakimlər Komitəsinin belçikalı yeni sədri Frank De Blekerenin təyinatı ilə bağlı da fikirlərini bölüşüb: "İstəyirdim ki, yerli hakimlərə üstünlük verilsin. Əlbəttə, yerli kadr hazırlamaq üçün də vaxt lazımdır. Lakin futbol sahəsində azərbaycanlıların olması daha yaxşı olar".

Q. Qurbanov matçı tribunadan izləyən "Sabah"ın ukraynalı sabiq futbolçusu Aleksey Kaşukun "Qarabağ"ın transfer siyahısında olmadığını deyib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III raundunda “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdən Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.

Chosen
46
11
azertag.az

10Sources