Tovuz rayonunun İsakənd kəndində yerləşən körpünün dayaqlarını sel suları yuyaraq qəzalı vəziyyətə salıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər müvəqqəti olaraq taxta materiallardan piyadaların keçməsini təmin ediblər. Bu da öz növbəsində qoca və uşaqların keçməsi üçün təhlükə mənbəyinə çevrilib.
Sakinlərin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən kənddə mövcud vəziyyətdən xəbərdardırlar və bu barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Aramsız leysan xarakterli yağışlar nəticəsində yaranan sel kənddə elektrik dirəklərini də yuyub.
“Azərişıq” ASC tərəfindən sözügedən kənd və ətraf ərazilərdə növbəli şəkildə yeni dayaq və naqillərin çəkilməsinə başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.