EN

Sumqayıtın bir ildə 7 medal alan şagirdi ilə müsahibə (FOTOLAR)

Hər il Sumqayıt təhsilinin yetişdirdiyi istedadlı şagirdlərin beynəlxalq və respublika əhəmiyyətli yarış və müsabiqələrdə qazandıqları uğurlarla, əldə etdikləri nailiyyətlərlə yadda qalır. Əlbəttə, diqqət və qayğı , işgüzar elmi yanaşma olan yerdə uğurların artması da təbiidir. Sumqayıtın təhsil sisteminin şəhərin 75 illiyini yeni qələbələrlə qarşılayacağı şübhə doğurmur.

Sumqayıtın xüsusi bilik və bacarıqlara, istedada, olimpiada nailiyyətlərinə görə fərqlənən şagirdlərindən biri də Banu Mübariz qızı Cəbrayılovadır. Belə nəticələr göstərən şagirdlərimiz çox deyil, belə istedadlı uşaqların daha da inkişafına nail olmaq ölkəmiz üçün çox lazımdır. Belə ki, o Dubayda 18 ölkə arasında keçirilən FİSO Beynəlxalq Riyaziyyat olimpiadasında öz kateqoriyası üzrə ən yüksək nəticəni göstərərək “Diamond” mükafatına layiq görülüb.

Hurriyyet.Az-un əməkdaşı 10 yaşlı Banu Cəbrayılova ilə həmsöhbət olub:

-    Banu sən yaxından tanıyaq.

Mən Cəbrayılova Banu 2014-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin 4-cü sinfini əla qiymətlərlə bitirmişəm. Eyni zamanda, riyaziyyat fənni üzrə bir çox beynəlxalq olimpiadalarda yer tutaraq, müxtəlif medallar əldə etmişəm. 

-    Hansı müsabiqələrdə qalib olmusan?

22-26 iyun tarixində 18 ölkə, 600-dən çox iştirakçının iştirak etdiyi FİSO olimpiadasının BƏƏ-nin Dubay şəhərində keçirilən qlobal mərhələsində öz yaşıdlarım arasında riyaziyyat üzrə dünya birincisi olaraq Diamond mükafatını qazanmışam. Beynəlxalq arenada Azərbaycan bayrağını qaldırmaq mənimçün çox şərəfli idi. Riyaziyyat üzrə TİMO-dan (Tayland) bürünc, FİSO-dan (Amerika) qızıl, COPERNİCOS-dan (Amerika) gümüş, AMO-dan (Amerika) gümüş, İMEC-dən (İngiltərə) bürünc, FERMAT-dan (Vyetnam) gümüş, STEMCO-dan (Sinqapur) gümüş medallar qazanaraq bu olimpiadaların final mərhələsinə vəsiqə qazanmışam. Bunlardan başqa, mən ingilis dili üzrə olimpiadalarda iki dəfə iştirak edərək Cambridge-in bürünc sertifikatını qazanmışam.

-    Səncə, olimpiadalarda iştirak etmək şagirdlərə əlavə hansı üstünlükləri qazandırır?

Ən əsası özgüvən yaradır, şagirdin dünyagörüşü artır. Həmçinin olimpiadalarda iştirak edərkən müxtəlif ölkələrin tərtib etdiyi suallara əsasən həmin ölkələrin təhsil səviyyəsi ilə tanış olmuş oluruq.

-    Hansı fənnə marağın daha çoxdur?

Əsasən, riyaziyyat fənninə marağım böyükdür.

-    Olimpiada zamanı müəllimlərə ünsiyyətinə icazə verilirdi?

Xeyr. Tam səssizlik idi. Çünki 18 ölkədən nəzarətçilər və müəllimlər bu olimpiadaya cəlb olunmuşdular.

-    Olimpiadaya hazırlıq zamanı nələrə diqqət edirdin?

Çalışıram ki , düşündürcü suallar çox işləyim, yaxşı qidalanım, yuxu rejimimi mütləq qaydasında saxlayım.

-    Bu uğurlarınla bağlı Təhsil Nazirliyi tərəfindən dəstək gəldimi?

Xeyr. Mən əvvəldə də qeyd etdiyim kimi bir çox ölkələrə vəsiqə qazanmışam. Amma bunun maddi tərəfi olduğu üçün yalnız Dubayda olan final mərhələyə qatıldım. Çox istəyirdim Nyu-Yorkda keçirilən Copernicos-un final mərhələsində iştirak edim. Valideyinim bir çox yerlərə müraciət etdsə də, mənə sponsor tapılmadı. Azercell şirkəti sosial yardım etmədiyini bildirdi. amma mən düşünürəm ki, bu sosial yardım deyil, sadəcə bir uşağın təhsilinə qoyulan yatırım idi. Banklar valideynimin səsinə ümumiyyətlə cavab vermədi. Məncə, həmin məbləğ Azercell və banklar üçün çox cüzi bir məbləğ idi.

-    Asudə vaxtını necə dəyərləndirirsən?

Hazırda istirahət edirəm, bədii kitablar oxuyuram. Çalışıram təmiz havada çox olum.

-    Gələcəyə dair planların nədir?

Gələcəkdə olimpiadalardakı nailiyyətlərimi davam etdirmək və ən əsası mən beyin cərrahı olmağı planlaşdırıram.

-    Sumqayıtda təhsil həyatını necə qiymətləndirirsən?

Valideyinim müəllim olduğu üçün evimizdə hər zaman bu cümləni eşidirəm: "Sumqayıt təhsili hər zaman öndədir". Mənim özüm də sırf Sumqayıt təhsilinin hesabına bu nailiyyətləri əldə etmişəmsə, demək ki, doğurdan da Sumqayıt təhsili hər zaman öndədir.

-    Sumqayıt təhsili sənə nə qazandırıb?

Sumqayıt təhsili mənə çox nailiyyətlər qazandırıb və əminəm ki, qazandıracaq.

-    Şəhərimizdə hansı yeniliklərin tətbiq edilməsini istəyərdin?

İstedadlı şagirdlərə dəstək fondu yaradılmasını çox arzu edərdim. Çox istərdim ki, şəhərimizdə heyvanlar üçün sığınacaq yaradılsın.

-    Sonda nə demək istəyirsən?

Sonda mənə dəstək olan valideyinlərimə, bu çətin yolda mənə riyaziyyatın incəliyini öyrədən müəllimim Lamiyə müəllimə, başda direktorumuz Kəmalə müəllimə olmaqla məktəbimizin bütün müəllimlərinə təşəkkür edirəm. Qayıdandan sonra məktəbdə necə qarşılanmağımı unutmuram. Valideyinim mənə sosial şəbəkələrdə məni paylaşan, mənimçün sevinən nə qədər adam göstərdi. Hər birinə təşəkkür edirəm. Çünki bütün bunlar mənim üçün çox böyük motivasiya oldu.

 

Chosen
24
1
hurriyyet.az

2Sources