Banqladeşdə etirazçılar paytaxt Dəkkədə ölkə parlamentinin binasına soxulublar.
“Report” xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılır.
Görüntülərdən aydın olur ki, onlarla insan deputat kürsüsündə əyləşib, stolların üstündə dayanıb siqaret çəkib, digərləri isə baş verənləri mobil telefonla çəkiblər.
Görüntülərdə etirazçıların binada ətrafa ziyan vurduğu görünür.
Banqladeş KİV-in məlumatına görə, son saatlarda minlərlə insan ölkə paytaxtının küçələrinə çıxıb. Yanğın törədilməsi, vandalizm və talan edilmə halları barədə məlumatlar daxil olur. Etirazçılar baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini dağıdıb və onun muzeyini yandırıb, hakim “Avami Liqası” partiyasının ofisinə soxulub, hakim partiya nümayəndələrinin evlərinə, polis məntəqələrinə, aparıcı telekanalların ofislərinə hücum ediblər.