EN

İqtisadi fəal əhalinin sayı 5,3 milyona yaxınlaşır

İqtisadi

Bakı, 14 avqust, AZƏRTAC

Cari il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5288,9 min nəfər olub, onlardan 5005,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1760,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,5 min nəfər, qeyri-dövlət sektorunda isə 873,3 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1729,0 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 7 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Bu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5042 nəfər olub. Onlardan 46,1 faizi tikintidə, 8,7 faizi emal sənayesində, 8 faizi mədənçıxarma sənayesində, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,2 faizi inzibati və yardəmçı xidmətlərin göstərilməsi və 21,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Bu ilin birinci yarımilində bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141,8 saat təşkil edib.

2024-cü il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 218,5 min nəfər olub, onların 45,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 407,4 manat olub.

Chosen
136
15
azertag.az

10Sources