"Ukrayna ordusunun avqustun 6-dan bəri Kursk istiqamətində əldə etdiyi uğurlar müharibənin gedişində müəyyən nəticələrə səbəb ola bilər".
Bunu Qaynarinfo-ya siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
Ekspert hesab edir ki, Ukrayna ordusunun Kurs istiqamətində uğurlu əməliyyatı nəinki Kiyev və Moskvada, habelə qlobal beynəlxaq proseslərə də öz ciddi təsirini göstərib və göstərməkdə davam edir:
"Kursk əməliyyatı Ukrayna cəmiyyətində döyüş ruhunu yüksəldib. Ona qədər əks-hücum əmliyyatlarında uğur əldə edilmədikdən sonra Ukrayna cəmiyyətində döyüş ruhu ölməyə başlamışdı və apatik bir durum yaranmışdı. Kursk əməliyyatı ölən döyüş ruhunu yenidən bərpa etməyə və qələbə ümid yaratmağa xidmət edir. Bu da öz təsirini ordunun formalaşdırılmasında, mobilizasiya prosesinin sürətlənməsində, insanların orduya cəlb olunmasında göstərəcək. Uğursuz əks-hücum əməliyyatlarından sonra Volodimir Zelenski hakimiyyətinin reytinqi təkcə Ukryana cəmiyyətində deyil, beynəlxalq miqyasda da kəskin şəkildə aşağı düşmüşdü. Bu fonda Kursk əməliyyatı Zelenski hakimiyyətinin reytiniqini bərpa etməyə də xidmət edir. Payızadək cəbhə xəttində hər hansı uğur əldə edilməsəydi, Ukraynada siyasi böhran dərinləşəcəkdi".
Həmsöhbətimizə görə, son uğurla Kiyev Qərbə göstərdi ki, silah və maliyyə dəstəyi olarsa cəbhədə nəinki dönüş yaratmaq mümükündür, hətta prosesləri Rusiya ərazisinə keçirməyə qadirdir:
"Ukrayna ordusu zəbt etdiyi Rusiya ərazilərini uzun müddət nəzarətində saxlaya bilərsə, bu danışıqlarda Kiyevin əlini gücləndirməyə xidmət edəcək. Bu yolla Kiyev danışıqlar masasında Moskvanı hansısa güzəştlərə vadar etməyi düşünür. Kursk əməliyyatı Ukrayanın beynəlxalq aləmdəki gücünün və nüfuzunun artmasında da müstəsna rol oynadı".
Kursk əməliyyatının Rusiyaya təsirlərinə gəlincə, ekspertə görə, yaranmış vəziyyət Moskvanın son dövrlərdə Kiyev üzərində əldə etdiyi üstünlükləri əldən verməsi ilə yanaşı, beynəlxalq aləmdəki imicinə də çox mənfi təsir göstərib:
"Bu həm də Rusiya ordusunun acizliyini və ciddi problemlərinin olduğunu, vahid komandanlığın, parçalanmanın və hətta torpaq itkisi hesabına mövqe uğrunda savaşın olduğunu ortaya qoydu. Digər tərəfdən, Kursk əməliyyatı Rusiya cəmiyyətində ciddi psixoloji travmalarla yanaşı, cidd narazılığa və parçalanmaya yol açan amil oldu. İnsanlar savaşa getməkdən yayınacaq. Bunun fəsadları Rusiya cəmiyyətində bir müddətdən sonra üzə çıxacaq".
Siyasi şərhçi hesab edir ki, Kursk əməliyyati eyni zamanda ABŞ seçkiləri baxımndan da mühüm əhəmiyyət kəsb edir:
"Çünki Ukrayna ordusunun uğursuz əks-hücum əməliyyatından sonra ABŞ-da belə Kiyevin qələbəsinə ümid azalmışdı. Bu da özünü prezident seçkiləri ərəfəsində təbliğat kampaniyasında ABŞ siyasətində açıq şəkildə biruzə verirdi. Seçkilərdə Respublikaçıların təmsilçiləri Donald Tramp Ukraynadakı müharibəyə görə, Demokratları hədəf seçib, onları tənqid edirdi. Lakin Kursk əməliyyatı seçki ərəfəsində Demokratların xeyrinə işlədi və onların reytinqinin artımasına səbəb oldu. Digər tərəfdən isə seçkidə Tramp qalib gəlsə belə, Ağ Evin bu məsələdə yürütdüyü siyasətin dönməzliyini təmin etməyə xidmət edir. Ukrayna ordusunun bu əməliyyatı Avropa ölkələrinin Kiyevə daha həvəsli şəkildə dəstək verməsinə səbəb olacaq".
Həmsöhbətimizin fikrincə, Kursk əməliyyatının Cənubi Qafqaza da təsirləri olacaq:
"Kursk əməliyyatı Cənubi Qafqazdakı geosiyasi proseslərə də öz təsirni göstərəcək. Qərb Rusiyanın diqqətini Ukrayna cəbhəsinə yönəltməklə onun gücünü zəiflətməyə və Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışacaq. Qərb yaranmış vəziyyətdən istifadə edib Rusiyanı bacardığı qədər Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışacaq. Tam çıxara bilməsə belə onun təsirlərini minimuma endirməyi qarşıya hədəf qoyub. Qərb Moskvanın Ermənistandakı hərbi varlığının tam olmasa da, böyük bir hissəsinin çıxarılmasına nail olmaq üçün Ukrayna ordusuna Rusiya daxilindəki hərbi əməliyyatının genişlənməsinə ciddi dəstək verə bilər".
Mürtəza Bünyadlının dediyinə görə, Kursk amilinin İran və Yaxın Şərqdəki hadisələrə təsiri də olacaq:
"Kursk əməliyyatı gözlənilən İran-İsrail qarşıdurmasına birbaşa təsiri var. Kursk əməliyyatı Moskvanın Tehranla bir cəbhədən çıxış etməsini əngəlləməyə xidmət edir. Çünki Moskva beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındırmaq üçün Yaxın Şərq böhranında maraqlı idi. Bu məqsədlə də İrana və onun proksi güclərinə dəstək verməyə hazır idi. Rusiya İran nəinki yüksəksəviyyəli radar sistemlərini, hətta "İsgəndər" raketi, hava hücumundan müdafiə üçün digər sistemlərlə yanaşı, S-400 raketlərini verməsi barədə mediaya məlumat yayıldı və bu xəbərlər təkzib edilmədi. Hətta Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda səfərdə olub və İranın əks-hücum əməliyyat planlarını birgə müzakirə edib. Bu fonda Kursk əməliyyatı həm də Rusiyanı Tehrana dəstək verməkdən çəkindirmək məqsədi daşıyır".
Xatırladaq ki, Ukrayna ilk dəfə uğurli hərbi əməliyyatla Rusiya ərazilərinə sızıb. Hazırda Kursk vilayətinin 28-dən çox yaşayış məntəqəsinə Ukrayna ordusu nəzarət edir. Eyni zamanda vilayətin strateji əhəmiyyət daşıyan Suca şəhəri də Ukrayna Silahlı Qüvvələrinin tabeliyindədir. Kurskun qubernatoru Aleksey Smirnov Rusiya prezidentinə məruzəsində 2 mindən çox insanın taleyindən xəbər olmadığını açıqlayıb. Ukrayna ordusunun işğalda olan ərazilərini azad etmək üçün Rusiyanın dərinliklərinə doğru irəliləmək cəhdləri hərbi analitiklərin nəzərində kompensasiya cəhdi, eləcə də rus ordusunun qüvvələrini Donbasdan çıxarmağa vadar etmək kimi qiymətləndirilir. Artıq bəzi briqadaların Pokrovski və digər istiqamətlərdən geri çəkilərək Kurska göndərildiyi xəbərləri var.
Rusiya lideri hesab edir ki, bu hücum təxribatdır və Kiyevin danışıqlar masasında əlini gücləndirməsinə hesablanıb. Lakin Ukrayna qoşunlarının Rusiya ərazilərini tutması daha çox rus ordusu haqda mifin növbəti dəfə dağıdılması kimi təsnif edilir.
Rüfət Sultan