Oxumaq və ya işləmək üçün Azərbaycandan başqa ölkələrə gedənlərin sayı kifayət qədərdir. Onların bəziləri təhsilini davam etdirmək, bəziləri isə özlərinə yeni iş qurmaq üçün gedirlər. Son zamanlar azərbaycanlıların ən çox getdiyi ölkələrdən biri də Polşadır. Bu ölkədə rəsmi dövlət dili Polyak dilidir. Bununla yanaşı, ingilis dilini də bilmək vacibdir. Bəs Polşaya iş üçün gələn şəxlərdən hansı səviyyədə ingilis dili tələb olunur?
“Azərbaycanlıların öyrəndikləri ingilis dili burada özünü doğrultmur”
Valyuta.az-a danışan Polşada yaşayan Azərbaycan diaspora rəhbəri Yusif Əfəndizadə deyir ki, bu ölkədə öz sahəsində işləmək istəyənlər ən azı B2 səviyyəndə ingilis dili biliyinə sahib olmalıdırlar: “Polşaya gələn azərbaycanlıların bildikləri ingilis dili səviyyəsi ilə burada tələb olunan ingilis dili arasında fərqlər ortaya çıxır. Şəxs iş görüşünə gedir, verilən suala düzgün cavab verə bilmir. Çünki onların nə dediyini başa düşmür. Bu zaman ortaya çıxır ki, onların Azərbaycanda öyrəndikləri ingilis dili səviyyəsi ilə bildikləri ingilis dili səviyyəsi arasında fərq var. Azərbaycanda hazırlaşırlar, elə bilirlər ki, B1 səviyyəsində bilirlər, amma Polşaya gələndə üzə çıxır ki, inglis dili səviyyələri A2 imiş. Bunun səbəbi isə Azərbaycanda ingilis dilli mühitin olmamasıdır. Onlar kurs olaraq B1 səviyyəsini keçirlər, amma təcrübəyə gələn zaman tələbə B1 deyil, A2 səviyyəsində olurlar. Yaxşı olar ki, buraya iş üçün gələn zaman B2 səviyyədə ingilis dilini bilsinlər. Bu zaman onların uğurlu olmaq ehtimalı çoxdur”.
Y.Əfəndizadə bildirdi ki, B1 ingilis dili ilə gələnlər də uğurlu ola bilərlər, amma bunun üçün çox çalışmalıdırlar: “Gündəlik ingilis dilində çox danışıq tələb etməyən işlər də olur, B1 səviyyədə olanlar bu sahələrdə işləyə bilirlər. Bunu faizlə müqavilə etsək, bu səviyyədə ingilis dili biliyi ilə iş tapmaq şansı 30-40 faizdir. Amma B2 səviyyədə ingilis dili bilən tələbələrin iş tapmaq şansı 70-80 faizidir, 20-30 faiz də tələbənin biliyi və onu qarşı tərəfə çatdırmasından irəli gəlir”.
Y.Əfəndizadə bildirdi ki, Polşaya təhsil dövründə gəlmək dil biliyi problemi yaşamamaq cəhətdən də çox yaxşıdır: “Bu zaman həm xarici tələbələrdən ibarət bir mühitə düşürsünüz, həm də burada işləməyə icazəniz olur. Burada tələbə yarımştat işlərdə, tələbə cəmiyyətlərində, universitetlərdə istər-istəməz ingiliscə danışmağa çalışır. Bir müddətdən sonra onların ingilis dili arasındakı fərq aradan qalxmış olur”.
Bəs Polşaya işləmək üçün gediriksə, polyak dilini bilmək nə qədər vacibdir?
Y.Əfəndizadə vurğulayır ki, ən azından cəmiyyətə inteqrasiya olmaq, məişətdə istifadə, dövlət orqanlarında sənəd işləri üçün lazımdır: “Çünki dövlət orqanlarında ingilis dilini bilənlər çox azdır, hətta elə olur ki, banklarda belə ingilis dilini bilənlər olmur. Buna görə də, Polyak dilini bilmək çox vacibdir. İndi Polşa hökumətində B1 səviyyəsində Polyak dilini bilənlər uzunömürlü karta da müraciət edə bilərlər”.
Polyak dilini bilmək hansı işlər üçün vacibdir?
Y.Əfəndizadə qeyd edir ki, Polyak dilini bilmək demək olar ki, bütün işlər üçün vacibdir:
“Beynəlxalq şirkətlər İngilis dilini ilə işlədikləri üçün Polyak dili tələb olunmur. Amma yerli şirkətlərdə, dövlət orqanlarında və bu kimi digər beynəlxalq şirkətlərlərin fəaliyyəti altında olmayan hansısa sahələrdə Polyak dili tələb olunur. Məsələn, kimya mühəndisindən Polyak dilini tələb edirlər. Çünki burada xarici şirkətlərin heç birinin bu sahədə fəaliyyəti yoxdur. Əgər Polşada müştəri ilə işləyirsənsə, onunla ingiliscə danışa bilməzsən. Onunla məcbur olub Polyak dilində danışmalı olur. Məsələn, bankdakı müştəri xidmətlərində mütləq Polyak dili tələb olunacaq. Birbaşa müştəri ilə əlaqə varsa, müştəri Polşada yerli bazara xitab edirsə, Polyak dili yüz faiz tələb olunur. Əgər beynəlxalq şirkətdirsə, insanlara qlobal olaraq yanaşırsa, burada ingilis dili mütləq lazımdır”.
Əvəz Həsənov