Yadigar Məmmədli: “Putinin məhz buna görə gəlməsi və ondan sonra müraciətin edilməsi barədə deyilənlər doğru deyil”
Azərbaycan BRICS-ə (təşkilatın adı Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının baş hərflərindən götürülüb) daxil olmaq üçün rəsmi müraciət edib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Bu ilin iyulunda “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Həmin vaxt Azərbaycan tərəfi BRİCS-ə daxil olmaq arzusunu ifadə edib və Çin bunu alqışlayıb.
BRICS 2006-cı ildə yaradılıb. Təşkilatın hazırda üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləridir. Təşkilat yaradılarkən əvvəlcə əsasən iqtisadi məqsədlərdən bəhs edilsə də, indi bəzi təşkilatçı ölkələrin onun fəaliyyətində geosiyasi maraqlar da güddüyü bildirilir.
O da məlumdur ki, Azərbaycanın BRİCS-ə üzv olmaqla bağlı müraciətinin Putinin Bakı səfərindən sonraya təsadüf etməsi müəyyən spekulyasiyalara səbəb olub. Spekulyasiyalar var ki, Putin məhz buna görə Bakıya gəlib. O baxımdan deyilənlər nə dərəcədə realdır? Digər tərəfdən, ümumiyyətlə, Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizə, bu təşkilata nə verəcək?
“BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli bütün bunlara bir neçə aspektdən yanaşdı: “Hesab edirəm ki, bu, hardasa gözlənilən idi. Əvvəla, Azərbaycanın orada təmsil olunan ölkələrin əksəriyyəti ilə çox yaxşı münasibətləri var. Bundan başqa, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına hörmətli qonaq olaraq dəvət edildi. Belə ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan BRİCS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Həmçinin Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRİCS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib. Məlum olduğu kimi, Azərbaycan uzun illər balanslaşdırılmış siyasət yeridib. Hansısa iqtisadi, hərbi birliklərdə təmsil olunmaq istəyində olmayıb. Azərbaycan ikitərəfli əlaqələrə üstünlük verib. Məsələn, Azərbaycan Avropa İttifaqına üzv olmağı qarşısına məqsəd qoymayıb, ancaq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Lakin BRİCS bir qədər başqa platformadır. ABŞ və Avropa İttifaqı daxil, dünyanın nəhəng super gücləri orada təmsil olunurlar. Bu təşkilat məhz iqtisadi maraqları özündə ifadə edir. Üstəlik, Azərbaycan da Orta Dəhliz üzərində yerləşir. Bu dəhlizin də reallaşması Azərbaycanın maraqlarına uyğundur. Bütün hallarda Putinin məhz BRİCS-ə görə Bakıya gəlməsi və ondan sonra müraciətin edilməsi barədə deyilənlər doğru deyil. Azərbaycanın belə bir istəyi var idi. Bu qurumu ölkəmiz üçün cəlbedici edən iqtisadi maraqlardır. BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq. Çünki BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən də Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək”.
Vidadi ORDAHALLI