Dünyanın ən bahalı rəsm əsəri gömrük anbarında saxlanılır - Foto
Müəllifi Leonardo da Vinçi olan dünyanın ən bahalı rəsm əsəri bir neçə ildir ki, İsveçrənin gömrük anbarında saxlanılır.
Reyting.az-ın “Bild” nəşrinə istinadla verdiyi məlumata görə, 2017-ci ildə Christies hərrac evi tərəfindən rekord qiymətə - 450 milyon dollara satılan “Salvator Mundi”nin taleyi bir neçə ildir ki, məlum deyildi. Bu əsəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın aldığı deyilsə də, o, bunu heç vaxt rəsmi şəkildə təsdiqləməyib.
Amerikalı professor və Yaxın Şərq üzrə ekspert Bernard Heykel Səudiyyə Ərəbistanının mədəniyyət nazirindən rəsm əsərinin Cenevrə gömrük anbarında saxlandığını öyrənib. Səudiyyə vəliəhdi isə onun üçün Ər-Riyadda muzey tikmək istəyir. Amma hələ ki, gömrük, daha dəqiqi, gömrük nəzarətində olan şəxsi anbarlar bunun üçün ən yaxşı yerdir, çünki orada ideal temperatur və rütubət saxlanılır, binaların özləri də etibarlı şəkildə mühafizə olunur.
Cenevrədəki gömrük anbarında ümumilikdə bir milyondan çox sənət əsəri saxlanılır.
2005-ci ildə bu sənət əsəri cəmi 1175 dollara satılıb. Geniş bərpa işlərindən sonra Leonardo da Vinçinin əsəri kimi təqdim edilib. Sənət tarixçiləri arasında onun müəllifliyinə şübhə olsa da, 2017-ci ilə qədər onun qiyməti kəskin artıb. Christies hərracında təklif 100 milyon dollar dəyərində başlayıb. Bu əsər əvvəllər hansısa rus kolleksiyaçısına məxsus olub.