RU

BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər

Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan BRICS-ə üzv olmağa hazırlaşır. Artıq bununla bağlı sözügedən təşkilata rəsmi müraciət edilib. Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Qeyd edək ki, BRİCS 2006-cı ildə müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub. Daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya bu ilin əvvəlində təşkilata üzv olub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib. BRİCS ölkələrinin əhalisi planetin əhalisinin 43 faizini, ümumdaxili məhsulu qlobal ÜDM-in 27 faizini, ticarət dövriyyələri isə dünya ticarətinin 15 faizini təşkil edir. Blombergin hesablamalarına görə, BRİCS ölkələrinin dünya ÜDM-də payı 2040-cı ilə qədər 36 faizdən 45 faizə yüksələcək ki, bu da G7 ölkələrinin payından iki dəfə çoxdur. Bəzi proqnozlara görə isə, 2050-ci ildə BRİCS-in hazırkı üzvlərinin ÜDM-i bütün inkişaf etmiş ölkələrin ÜDM-in 90 faizini keçəcək və bu, artıq dünyanın keyfiyyətcə fərqli mənzərəsi deməkdir. Əksər ekspertlər BRİCS-i qlobal inkişafın, ticarətin və investisiyaların hərəkətverici qüvvəsi hesab edirlər.

Bəs, görəsən, Azərbaycanın bu təşkilata üzv olması ölkəmizə iqtisadi cəhətdən nə qazandıra bilər? Bu addım Qərblə ticarətimizə necə təsir göstərəcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Azərbaycanın BRICS-ə qoşulmaq istəməyi təbiidir: “Belə demək mümkündürsə, ölkəmizin buna haqqı da var. Azərbaycan təbii resurslarla zəngin, sürətlə inkişaf əldə etmiş və inkişafda olan, regionda yetərli infrastruktura sahib ölkədir. Burada söhbət, hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə, eyni zamanda hava, quru və dəmiryolu nəqliyyat dəhlizlərinə sahib olmaqdan gedir”.

Onun fikrincə, əslində BRICS ölkələri Azərbaycanın bu qrupa qoşulmağında maraqlı olmalıdırlar: “BRICS-ə qoşulmaq Azərbaycana çoxsaylı imkan tanıya bilər. Çünki bu təşkilatın üzv ölkələri çox sürətlə inkişaf edirlər. Keçən il BRICS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7 faizini təşkil edib. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10.2 faiz artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payısa bu müddətdə 9.7 faiz azalıb və 29 faizə düşüb. Qeyd olunan təşkilata Rusiya, Hindistan, Çin daxildir. Bu 3 ölkəylə Azərbaycanın geniş iqtisadi və ticari əlaqələri, alış-verişi və ötürmələri, yəni daşımaları mövcuddur. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi fayda vəd edir. BRICS-ə üzvlük odur ki, bizə adı çəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni yollar aça bilər. Azərbaycanın BRICS-ə üzv olması sırf iqtisadi səmərə, effektlə yanaşı siyasi və s. digər istiqamətlərdə də geniş imkanlar yarada bilər”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, BRICS iqtisadi təşkilatdır və əsas hədəflərinə bu quruma üzv olan ölkələrin qarşılıqlı investisiyaların qorunması, qarşılıqlı ticarətdə güzəştli tariflərlə ticarət, yeni nəqliyyat dəhlizləri kimi məsələlər daxildir: “Amma məsələ ondadır ki, quruma daxil olan böyük ölkələrin - Çin, Hindistan, Braziliya, CAR-ın Avropa İttifaqı və ABŞ-la ümumi ticarət dövriyyəsi 3 trilyon dollardır. Bu isə o deməkdir ki, BRICS-in aparıcı 5 ölkəsindən 4-nün əsas ticarət tərərdaşları Avropa İttifaqı ilə ABŞ-dır. Azərbaycanın da əsas ticarət tərəfdaşı Aİ ölkələridir. Ölkəmizin ixracatının böyük hissəsi Aİ ölkələrinə yönəlib. Azərbaycana qoyulan investisiyaların da mühüm hissəsi Aİ ölkələri və ABŞ tərəfindən yatırılıb. Azərbaycanın BRISC-ə müraciət etməsinin əsas səbəbi gələcək loqistik dəhlizlərin mərkəzinə çevrilmək istəyidir. Çünki Çin və Hindistanın da marağında olduğu yeni dəhlizlər, Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS-ə üzvlüyümüz Azərbaycana ziyan gətirməyəcək. Əgər münasibətləri doğru düzgün qura bilsək, BRICS Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradan təşkilata da çevrilə bilər”.

Избранный
40
hafta.az

1Источники