RU

ABŞ İran münasibətləri: Tehran "əsas düşməni" ilə barışır? (ŞƏRH)

"İranda keçirilən seçkilərdən sonra Qərblə dialoqa tərəfdar olan şəxslərin irəli çəkildiyinin şahidi oluruq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İranın ali dini lideri Xameneinin ABŞ-la danışıqlara hazır olduqları barədə bəyanatını şərh edərkən deyib. 

Ekspert bildirib ki, İrandakı seçkilərdən az sonra ABŞ da Vyana danışıqlarını bərpa etməyə müsbət baxdığını bəyan edib: 

"İranda keçirilən prezident seçkisi və onun nəticəsi göstərdi ki, Tehran ABŞ-la dialoqun bərpa edilməsinin tərəfdarıdır. İslahatçıların münayəndəsinin seçkilərdə qalib gəlməsinin vacib faktorlarından biri də məhz sistemin özünün Qərblə bu və ya başqa dərəcədə dialoqu bərpa etməyə ehtiyacının olmasından irəli gələn məqamla bağlı idi. İrandakı seçkilərdən az sonra ABŞ da Vyana danışıqlarını bərpa etməyə müsbət baxdığını bəyan etdi. Lakin HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsilə vəziyyət daha da gərginləşdi. Bu isə Vaşinqtonla Tehran arasında mümkün ola biləcək dialoqa da öz təsirini göstərməyə bilməzdi. Amma bu fonda İran İsrailə cavab addımını gecikdirdi. İndi proses sanki səngiməyə doğru gedir. Belə bir müstəvidə ortada yalnız kənardan diqqətlə müşahidə edilə biləcək danışıqların getdiyini sezmək olurdu. Bütün bunlar yeni xəbərlərin gəlməsilə müşayiət olundu. İran tərəfi də ən yüksək səviyyədə danışıqlara getmək istədiyini ifadə etdi". 
 


Həmsöhbətimiz qeyd edib ki, seçkilərdən sonra İranda Qərblə dialoqa tərəfdar olan siyasilər irəli çəkilir:

"Noyabrda ABŞ-da prezident seçkiləri olacaq. Bu seçkilərə qədər həmin dialoqun qurulması və nüvə razılaşması istiqamətində hər hansı addımın atılması ehtimalı da çətindir. Çünki Yaxın Şərqdə baş verən proseslər elə bir şəkildədir ki, həmin proseslər təkcə ölkələr arasında diplomatik münasibətlərə deyil, həmçinin bu ölkələrin daxilində gedən siyasi proseslərə də ciddi təsir etmək gücünə malikdir. İranda Cavad Zərifin istefası və dünən yenidən vitse-prezident vəzifəsinə geri qayıtması məsələsinə diqqət yetirək. Bu şəxs Qərblə dialoqda hər zaman öndə olan füqurdur. İranın yeni xarici işlər naziri Abbas Araqçi də həmçinin. Bu mənada İranın Qərblə dialoqa tərəfdar olan şəxsləri irəli çəkdiyinin şahidi olmaqdayıq. Tehran belə bir açıqlama veribsə, yəqin ki, yaxın günlərdə anoloji açıqlamanın Vaşinqton tərəfindən səslənməsinin də şahidi olacağıq". 

Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı ABŞ və İranın nüvə proqramı məsələsinə toxunaraq "düşmən"lə ünsiyyətə "heç nə mane olmur" bəyanatını verib. Bu barədə "Associated Press" məlumat yayıb. 

Əli Xameneinin bu açıqlaması istər-istəməz prezident Məsud Pezeşkianın Qərblə danışıqlara başlaması üçün yaşıl işığın yandırılması deməkdir. 

Rüfət Sultan


Избранный
127
qaynarinfo.az

1Источники