RU

“Xalq-Lider birliyi bir daha öz sözünü deyəcək”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Etibar Quliyevin YAP Suraxanı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə ölkəmiz ötən dövrdə böyük inkişaf yolu keçib: “Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu ən müqəddəs vəzifənin yerinə yetirilməsinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə nail olub”.

Deputatlığa namizəd Etibar Quliyev YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı, zəfərləri göz önündədir: “Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi yüksəliş yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünü təsdiqləyir. Möhtəşəm nailiyyətlərimiz, vətəndaş məmnunluğunun artırılmasına yönələn addımlar və onların uğurlu nəticələri Yeni Azərbaycan Partiyasının  növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılmasına stimul verib. Əminik ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti ifadəsi olacaq. Xalqımız Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını bir daha  nümayiş etdirəcək. Xalq-Lider birliyi bir daha öz sözünü deyəcək”.

Təşviqat qrupunun üzvləri çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Azərbaycanın işıqlı gələcəyi naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər isə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.

Избранный
126
50
yeniazerbaycan.com

10Источники