“Ermənistanın hökumət başçısı məsuliyyəti üzərindən atmaq üçün cəfəngiyyatla məşğuldur”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi bir çox fikirlər Ermənistanda ciddi narazılıqlara və müzakrələrə səbəb olub.
Məlumdur ki, Paşinyan “indiki mərhələdə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün orqanlarında iştirakını dondurub və hələ ki, başqa qərarlar qəbul etmək fikrində deyil” deyib.
Baş nazir əlavə edib ki, KTMT-nin bütün orqanlarında fəaliyyətlərinin dondurulması indiki mərhələ üçün kifayət hesab edirlər.
“İndi biz başqa qərar qəbul etməyə ehtiyac görmürük, lakin bu, gələcəkdə fərqli qərar verməyəcəyimiz anlamına gəlmir”, - deyə baş nazir bildirib.
“Qərbin təyin etdiyi Paşinyan hökuməti Ermənistanda öz siyasətini həyata keçirir ki, bu da Rusiyanın regionda təsirinin tədricən neytrallaşdırılmasını nəzərdə tutur. Bütün bunları birdən etmək mümkün deyil”, - Paşinyanın KTMT ilə bağlı bəyanatını şərh edən politoloq Armen Badalyan belə deyib.
“Ona görə də Zəngəzur dəhlizi ilə bağlı ona eyham vurdu ki, ona özəl şirkət nəzarət edə bilər, amma burada anlaşılmaz məqamlar var, deyir ki, biz 9 noyabr bəyanatının bir hissəsində imzanı geri götürmürük, çünki Rusiya və Azərbaycan öz öhdəliklərini yerinə yetirməyib. Yəni digər tərəflərin öhdəliklərini yerinə yetirməsini gözlədiyini deyir. Paşinyana elə gəlir ki, hiyləgərlik edir və bunu ancaq özü başa düşür. Yaxud dedi ki, Rusiya ilə belə danışmaq olmaz, güclü ölkədir və s. Moskva qalib gəlsə, o deyəcək: görürsən, mən anti-Rusiya bəyanatlarına icazə verməmişəm, sizə hörmətlə yanaşıram, ona görə də 2026-cı ildə baş nazir kimi qalmağıma icazə verin, çünki mən sizə qarşı heç nə etməmişəm. Onun siyasəti günün axarı ilə yaşamaqdır. Düşünür ki, Rusiya Ukrayna müharibəsində uduzsa, Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcək. Amma başa düşmür ki, İranın Zəngəzurda dəhlizin açılmasına Rusiyanın nəzarətində olub-olmasından asılı olmayaraq imkan vermək fikrində deyil”, - Badalyan bildirib.
Erməni politoloq iddia edib ki, Zəngəzur dəhlizi açılmadan Paşinyan sülh müqaviləsi bağlaya bilməz, çünki Qərb bunu tələb edir:
“Bu dəhliz Qərbin nəzarətində olmalıdır ki, Türkiyə, Naxçıvan, Xəzər dənizi, Mərkəzi Asiya, bütün bu xətt Rusiyanın nəzarəti olmadan işləsin”.
Paşinyanın Bakıda həbsdə olan qondarma “dqr”in “dövlət naziri” Ruben Vardanyanı sərt tənqid edib:
“Bu mövzuda vacib suallar var. Nə baş verdi, necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu kim, hansı məqsədlə, hansı zəmanətlə, hansı vədlərlə Qarabağa göndərib? Və axırda kim dedi ki, bilirsiniz, biz onu başqa ölkənin vətəndaşı olduğu üçün o qədər də yaxşı tanımırıq? Biz bu suallara cavab istəyirik, yoxsa yox? İndi əlavə çətinliklərdən danışmaq və təfərrüatları açıqlamaq istəməzdim, lakin qeyd etmək istərdim ki, sülh gündəliyinin uğurla həyata keçirilməsi bu məsələdə də vacibdir. Önəmli olan uğurlu proses, normal iş mühiti və qarşılıqlı etimadın tədricən formalaşmasıdır. Yəni, bu mürəkkəb mexanizmdə hər hansı məsələni ayırmağa və ayrıca baxmağa ehtiyac yoxdur, çünki bütün məsələlər bir-biri ilə bağlıdır”.
Ermənistanın xüsusilə sosial şəbəkələrində Paşinyanın Vardanyan haqda dedikləri ciddi narazılıq yaradıb. “Onun Rusiya vətəndaşlığından necə imtina etməsinin nə fərqi var? O, 2021-ci ildən Ermənistan vətəndaşıdır və Nikol Paşinyan onu ölkə vətəndaşı kimi qorumağa borcludur. Hər bir vətəndaş kimi. Amma o, məsuliyyəti üzərindən atmaq üçün cəfəngiyyatla məşğuldur” deyə, onlarla şərhlər yazılıb.
Musavat.com