RU

“Ukrayna müharibəni çox səbirlə və hərbi elm əsasında aparır...- Qələbə gec-tez onundur...” 

“İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb...”
 
“Kursk əməliyyatı gözlənilən idi. Rusiya 3 günə almağı planlaşdırdığı, amma gündə 1000 nəfərdən çox itki verdiyi Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı bir şəraitdə Ukrayna ilə digər sərhəd əraziləri lazımınca qoruya bilməzdi. Kursk vilayətinin sərhədində də yalnız zastavalar var idi, onlar da peşəkar Ukrayna ordusunun qarşısını almaq gücündə deyildi. Ona görə də Ukrayna komandanlığı həm zəif, həm də Rusiya üçün strateji və iqtisadi əhəmiyyətli bir ərazini –Kursk vilayətini seçdilər. Məsələn, hazırda Ukraynanın nəzarətində olan Sudja şəhərindən Rusiyanın Avropaya gedən bütün qaz xəttləri keçir. Həmçinin Kurçatov adına Kurslk atom elektrik stansiyası da yaxın məsafədədir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Ukraynanın artıq bir aya yaxındır ki, davam edən Kursk əməliyyatının əhəmiyyətindən danışarkən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
 
“Ukrayna məhz Kursk kimi belə ağrıdıcı yerdən zərbə vurdu ki, Rusiya reaksiya versin. Digər tərəfdən, Ukrayna bununla “Rusiyanın guya dünyanın ən güclü ordusuna malik ən güclü dövlət” olması haqda mifi darmadağın etdi. Və Qərbi inandırdı ki, Rusiya ilə nəinki vuruşmaq onun ərazisini nəzarətə də almaq olar. Üçüncüsü isə bu əməliyyatdan sonra Moskva az da olsa, Donetsk və Xarkov istiqamətindəki qoşunlarını Kursk istiqamətinə gətirməli idi. Və Ukrayna buna da nail oldu. Dördüncüsü isə, artıq Rusiya ərazisində əsgər anaları, müxalifət və s. Putinə qarşı tədricən  etirazlara başlayırlar.  Ukraynanın məqsədlərindən biri də bu idi”, -deyə davamında keçmiş nazir bildirib..
 
“Axı o da var ki, Rusiya Dombasdan çox az miqdarda hərbi qüvvə çıxarıb və strateji Pokrovsk uğrunda çox ağır döyüşlər aparır. Arda-arda kəndləri işğal edirlər. Bunun axırını necə görürsüz?” sualını isə Tacəddin Mehdiyev belə cavablandırıb:
 
“Bilirsiz, Ukrayna ordusundan sayca qat-qat çox olan Rusiya ordusu bir kəndi almaq üçün bəzən aylarla vuruşur. Yaxud bir kəndi alırlar, 3 gündən sonra ukrayınlar onu azad edirlər. Bundan əlavə, Ukrayna ordusu Rusiya ordusunu tükəndirmə taktikası ilə döyüşür. Ruslar Avdeyevka, Baxmut kimi qəsəbələri neçə aylar ərzində işğal edə bilsə də, əvəzində on minlərlə canlı qüvvəsini minlərlə texnikasını itirdi. Bu minvalla Rusiya ciddi irəliləyiş əldə edə bilmir və getdikcə həm hərbi, həm iqtisadi cəhətdən zəifləyir. “F-16” qırıcıları da gəldi axır ki... Və onların sayı getdikcə artacaq. İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb. ABŞ və digər Qərb dövlətləri tədricən öz raketləri ilə Rusiya ərazisini vurmağa da icazə verir”.
 
“Hazırda Ukrayna komandanlığı “F-16”-ların təhlükəsizliyini təmin etmək üçün Rusiyanın yaxın ərazidəki hava hücumundan müdafiə(HHM) qurğularını sıradan çıxarmaqla məşğuldur. Bu işdə də ona Amerikanın “AVAKS” peyk-kəşfiyyat sistemi böyük dəstək verir. Onlar dəqiqliklə hərbi obyektlərin yerlərini Ukrayna tərəfinə ötürür və nəticədə Rusiyanın HHM sistemləri, radioelktron mübarizə qurğuları, hərbi aerodromları, zavodları və s. vurulub sıradan çıxarılır. Eyni zamanda  Britaniya, Almaniya, Fransa kimi aparıcı Avropa ölkələrinin də kəşfiyyatları Ukraynaya bir çox məsələlərdə ciddi dəstək verirlər.  Və bütövlükdə onu demək olar ki, Ukrayna Rusiyaya qarşı müharibəni çox səbirlə, ağılla savadlı şəkildə hərbi elm əsasında aparır. Odur ki, qələbə gec-tez Ukraynanın olmalıdır”, -deyə general-mayor vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
158
7
moderator.az

10Источники