RU

“COP29 kimi mühüm qlobal tədbirin Bakıda keçirilməsi Mərkəzi Asiya üçün vacibdir”

“COP29

2024-cü ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Dünyanın diqqət mərkəzində olan tədbirə yüksək səviyyədə hazırlıq prosesi gedir.

Onu da əlavə edək ki, Bakıda “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində keçirilən panelin ikinci sessiyasının iştirakçıları İkiillik Şəffaflıq Hesabatları (BTRs), eləcə də Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı müzakirələr aparıblar.

Müzakirələr zamanı iqlim ekspertləri və müxtəlif dövlətlərin rəsmi nümayəndələri xüsusilə də ölkələrinin milli İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməklə bağlı hazırlığı barədə fikirlərini bölüşüblər.

Sorğunun nəticələrinə görə, 11 ölkənin nümayəndəsi hesabatlarını COP29 başlamazdan əvvəl, üç ölkə konfrans zamanı, 43 ölkə 2024-cü ilin dekabrında, hesabat müddəti başa çatdıqda təqdim etməyi planlaşdırır: “Biz ölkələrimizi BTR hesabatlarını vaxtında təqdim etməyə hazırlamalıyıq. O zaman biz ölkələrimizin iqlim siyasətini uğurla tənzimləyə biləcəyik. Bu, iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişə nail olub-olmayacağımızı müəyyən edəcək”.

Bundan əlavə, panel iştirakçıları və ayrı-ayrı ölkələrin nümayəndələri öz planları və ikiillik hesabatların hazırlanması mərhələləri barədə danışıblar.

Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi nazirinin müavini Andre Korrera deyib ki, iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böyük bir işdir. Onun sözlərinə görə, emissiyaların şəffaflığı üzrə qlobal sistemin qəbulu iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətdə yeni eranın başlanğıcını göstərir.

A.Korrera əlavə edib ki, Azərbaycanın COP29-a sədrlik edən tərəf kimi irəli sürdüyü İkiillik Şəffaflıq Hesabatı (BTR) təşəbbüsü inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verir və milli səviyyədə güclü şəffaflıq sistemlərinin yaradılmasını nəzərdə tutur: “Gəlin potensial və texniki ehtiyaclardakı boşluqları aşkarlayaraq aradan qaldırmaq üçün bu fürsətdən istifadə edək, eləcə də qarşılıqlı etimad və əməkdaşlığı gücləndirək”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bildirib ki, iqlim dəyişikliyinin ekoloji təsirləri artdıqca, heç bir ölkənin bundan sığortalanmadığı anlaşılır: “Hər bir ölkəyə və hər bir regiona təcili iqlim tədbirləri lazımdır”. S.Stil, həmçinin qeyd edib ki, müəyyən məqsədə yönəldilmiş iqlim siyasəti “yaşıl keçid”in sürətləndirilməsi və iqtisadiyyatın bütün sektorlarında dayanıqlığın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Bu proseslərin mərkəzində İkiillik Şəffaflıq Hesabatları (BTRs) dayanır. Bu hesabatlar milli prioritetləri müəyyən etmək, iqlim siyasətini təkmilləşdirmək və effektiv fəaliyyətlə bağlı lazım olan maliyyəni təmin etmək üçün qaneedici sübut bazası yaradacaq”. O vurğulayıb ki, BTR ilə tərəflər irəliləməni izləyə, harada əlavə fəaliyyət və dəstəyə ehtiyac duyulduğunu müəyyən edə bilər: “Şəffaflıq ölkələrə bir-birindən öyrənməyə və hər kəsin xeyrinə olan iqlim fəaliyyətinə dəstək verməyə imkan verir. Hər kəsin iqlim şəffaflığından tam istifadə edə bilməsini təmin etmək üçün son bir il ərzində COP29 sədrliyi ilə sıx əməkdaşlıq etdik”.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib ki, bu il Bakıda keçiriləcək COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür. Onun sözlərinə görə, Azərbaycan böyük bir forumun ev sahibi kimi Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif edib: "Təşəbbüsü Azərbaycan tərəfi irəli sürüb. Bununla da çox ciddi məsələlərin müzakirəsi üçün şərait yaradılacaq. Azərbaycan iqlim şəffaflıq hesabatının hazırlanmasında digər ölkələrə köməklik göstərilməsini təşkil edir. Artıq bizim təlimlər keçirilib. Növbəlilik Afrikada və digər ölkələrdə olacaq". M.Babayev vurğulayıb ki, şəffaflıq hesabatlarının COP29-dan əvvəl təqdim edilməsi nəzərdə tutulur: "İqlim dəyişikliyi hesabatının sənədinin təqdim edilməsi üçün son tarix isə dekabr ayıdır".

Qazaxıstan Respublikası Prezidentinin müşaviri - prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova diqqətə çatdırıb ki, hesabatlarda şəffaflıq iqlimlə bağlı səylərdə kollektiv irəliləyişi anlamaq və izləmək üçün çox vacibdir. Onun sözlərinə görə, bu, qlobal iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verəcək: “Qazaxıstan üçün iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyəti ötən yaz baş verən daşqınlar zamanı özünü daha qabarıq şəkildə göstərib, ərazimizin əhəmiyyətli hissəsi su altında qalıb, nəticədə vətəndaşlara və bütövlükdə ölkə iqtisadiyyatına böyük ziyan dəyib”. Z.Süleymenova qeyd edib ki, Qazaxıstan təbii fəlakətdən sonra infrastrukturu bərpa edir və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin sürətləndirilməsinin zəruriliyini anlayır.

Prezidentin müşaviri həmçinin vurğulayıb ki, Qazaxıstan hazırda şəffaflıq üzrə yarımillik hesabatın hazırlanması mərhələsindədir və onu noyabrda Bakıda keçiriləcək COP29 konfransından əvvəl təqdim etməyi planlaşdırır: “Biz bu mühüm platformada birgə səylərimizi və dialoqumuzu davam etdirməyə, eləcə də yüksək nəticələr əldə etməyə ümid edirik”.

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov vurğulayıb ki, Özbəkistan Azərbaycanın qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı səylərini alqışlayır. O qeyd edib ki, COP29 kimi mühüm qlobal tədbirin Bakıda keçirilməsi təkcə Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, həm də Mərkəzi Asiya üçün vacibdir: “Azərbaycanın sədrliyi çərçivəsində region ölkələri öz milli planlarını təqdim edə və qlobal iqlim dəyişikliyi ilə mübarizədə öz təşəbbüsləri barədə danışa biləcəklər”.

İtaliyanın iqlim məsələləri üzrə hökumət nümayəndəsi professor Françesko Korvaro bildirib ki, iqlim dəyişikliyi ilə tək bir ölkə mübarizə apara bilməz. Onun sözlərinə görə, builki COP29-un nə qədər önəm daşıdığı hamıya məlumdur: “Biz önümüzdəki illər üçün iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələlərini həll edəcəyik. Biz ancaq ölkələr arasında savaşları görürük, amma bir masa ətrafında iqlim dəyişikliyi ilə mübarizəni də müzakirə edə bilərik. Bu mübarizəni tək bir ölkə edə bilməz. İqlim və sülh arasında önəmi həmişə xatırlamalıyıq. Bir yerdə çalışaraq ikiillik şəffaflıq hesabatı yarada bilərik".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin vurğulayıb ki, karbon qazı (CO2) emissiyaları azalmır, əksinə, artır. O qeyd edib ki, əgər 30 il əvvəl bəşəriyyət atmosferə ildə 33 milyard ton karbon qazı buraxırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur: “Bu gün karbon qazının konsentrasiyası Yer kürəsinin son 2 milyon il ərzində gördüyü, metan və azot oksidləşməsi isə son 800 min ildə müşahidə etdiyimiz ən yüksək səviyyədədir”. O qeyd edib ki, iqlim dəyişikliyinin vurduğu ziyanı azaltmağa kömək edəcək mühüm iqlim qərarları qəbul edilməlidir: “Sizin qətiyyətiniz və iqlim dəyişikliyi ilə bağlı qlobal problem üzərində birgə fəaliyyətə sadiqliyiniz sayəsində biz vəziyyəti düzəldə və bəşəriyyəti fəlakətdən xilas edə bilərik”.

Избранный
154
31
xalqcebhesi.az

7Источники