RU

Aqil Abbas: "Məğlub Ermənistanı Ordumuza atəş açmağa çürətləndirirlər..."

Bildiyiniz kimi, ötən gün Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Beləki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bu gün -sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bununla əlaqədar olaraq Millət vəkili Aqil Abbas fikirlərini Adalet.az-a danışdı. A.Abbas düşünür ki, 44 günlük müharibədə, digər lokal döyüşlərdə və antiterror əməliyyatında uduzan Ermənistan hələ də buməğlubiyyəti  sinirə bilmir:" 30 il özünü dünyaya “qəhrəman” kimi sırıyan revanşist ermənilərin hazırkı məğlub durumu onları qəzəbləndirir, nifrətini daha da artırır. Xarici dövlətlərdə söz sahibi olmuş, kök salmış güclü erməni diaspor təşkilatlarının hücumunun yanında sərhəddə açılan atəşlər bəlkə də bir o qədər təsiredici deyil.

Beynəlxalq təşkilatların, Fransa, ABŞ kimi hegemon dövlətlərin konqresmenlərinin irəli sürdüyü Azərbaycanı məhkəməyə vermək təklifləri, sanksiya qərarları, Azərbaycanla ölkələri arasındakı diplomatik əlaqələri dayandırmaq tələbləri siyasi təzyiqin daha çox olduğunu ortaya qoyur.
Üstəlik adıgedən hegemon dövlətlərin Ermənistana bütün sahələrdə maddi və mənəvi dəstəyi onu da deməyi imkan verir ki, Ermənistan heç bir hərəkətə onlarsız qərar vermir. Azərbaycan ordusuna atəş açan, erməni hərbçisinə cəsarət verən təşkilat və bu ölkənin cəbbəxanasını dolduran bəzi ölkələrdir. Məsələn, 2024-cü il 18 iyun tarixində Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalandı. Ermənistan onu ən müasir silahlarla təmin edən Fransaya, Hindistana məxsus havadan buraxılan ortamənzilli “BrahMos” raketləri və yerüstü qısamənzilli “Pralay” taktiki ballistik raketlərə  arxayın olaraq sərhəddə atəş açmağa qərar verir. Buna “qərar vermək”də demək olmaz. “Məcbur qalır” desək daha düzgün olar.
Ataların belə bir misalı var, deyir, keçinin buynuzu gicişəndə başını çobanın çomağına sürtər"-deyə millət vəkili vurğuladı.

Əntiqə Rəşid

Избранный
93
adalet.az

1Источники