RU

Azərbaycandan Avropaya “yaşıl enerji” nəqli üçün növbəti mühüm addım atıldı...

Image

Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan Avropa İttifaqına daha çox bərpa olunan enerji nəql olunması məqsədilə Qara dənizin dibi ilə kabel çəkilməsi üçün müştərək şirkət yaradıblar. 

“Associated Press” yazır ki, dörd ölkənin liderləri tərəfindən 2022-ci ildə təsdiqlənmiş layihənin aktuallığı, xüsusilə də Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə artıb. Avropa İttifaqı o vaxtdan bəri Rusiyadan hər hansı enerji asılılığına ümumiyyətlə son qoymağa can atır. Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Müvafiq kabel Azərbaycanda Xəzər dənizində qurulacaq külək generatorlarının istehsal etdiyi enerjini Gürcüstandan keçməklə Avropa İttifaqı üzvləri – Rumıniya və Macarıstanın ərazilərinə nəql edəcək. Dörd ölkənin hökumət nazirləri Rumıniya paytaxtı Buxarestdə keçirilən iclasda layihəyə start veriblər. İclasda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair protokol imzalanıb. Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. Rumıniyanın enerji naziri Sebastian Burduja deyib ki, bu layihənin onun ölkəsi və bütövlükdə Avropa üçün strateji əhəmiyyəti var: “Əgər son bir neçə ayda Avropanın enerji xəritəsinə baxsanız, görərsiziniz ki, biz burada – İttifaqın şərq cinahındakılar elektrik üçün daha çox pul xərcləyirik. Bu ondan irəli gəlir ki, şəbəkə kifayət qədər şaxələndirilməyib”. Onu da qeyd edək ki, Qara dəniz enerji kabelinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq. Sebastian Burduja  bu fonda qeyd edib: “Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması noyabrda Bakıda keçiriləcək COP29-da təqdim olunacaq. Marşrutlarımız, mənbələrimiz nə qədər çox olarsa, enerji də bir o qədər ucuz olar. Regionumuzdakı Avropa dövlətlərinin Qafqaz bazarı kimi tamamilə fərqli bazardan enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın şaxələndirilməsinə və enerjinin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Bu, ucuz layihə deyil, biz onun dəyərini texniki-iqtisadi əsaslandırması hazır olduqdan sonra öyrənəcəyik. Lakin hesab edirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır və bu layihənin enerji təhlükəsizliyi və bazar üçün faydalı olacağını bilirik”.

Burduja bildirib ki, layihəyə fiber-optik rabitə kabelinin çəkilməsi komponenti də daxildir. “TİƏ-nin hazırlanması çərçivəsində dörd ölkəni birləşdirəcək, məlumat axınının yaxşılaşdırılmasına və regionun rəqəmsallaşmasına dəstək verəcək bu komponentin həyata keçirilməsi imkanları qiymətləndiriləcək”. Azərbaycanın enerji naziri Pərviz Şahbazov isə deyib ki, bərpa olunan enerjinin inkişaf etdirilməsi iqlim dəyişikliyi problemlərinin həllinə kömək edəcək. Onun sözlərinə görə, sualtı kabel xətti enerji təhlükəsizliyi üçün mühümdür, amma eyni zamanda bu xətlə yaşıl enerji nəql ediləcək. Bu isə beynəlxalq icmanın gündəliyində duran əsas məsələlərdən biridir. Bunlar fonunda daha bir maraqlı açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto verib. O qeyd edib ki, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın enerji operatorları tezliklə “yaşıl enerji” sahəsində yenilənmiş tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. Bundan əlavə, o qeyd edib ki, Macarıstanın dörd sütuna əsaslanan enerji strategiyası var. Bu, “Pakş” AES-də iki yeni reaktorun tikintisi hesabına nüvə güclərinin artırılması, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artırılması, etibarlı enerji təchizatçıları ilə əməkdaşlıq və yeni təchizat marşrutlarının daxil edilməsini nəzərdə tutlur. Nazir “Azərbaycan-Gürcüstan-Avropa Qara dəniz” “yaşıl enerji” dəhlizi layihəsini nümunə gətirib. Bu layihə Gürcüstan və Azərbaycandan yeni enerji mənbələri təqdim edəcək, Macarıstanın enerji istehlakı dayanıqlığını artıracaq. Siyarto həmçinin layihənin sürətlə irəlilədiyini, iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin birgə müəssisə yaratdığını və tezliklə “yaşıl enerji” sahəsində dəyişikliyin edildiyi tərəfdaşlıq sazişi imzalamağı planlaşdırdığını qeyd edib. O, həmçinin qeyd edib ki, 1 100 km uzunluğuna görə rekord vuracaq sualtı kabel tikintisi başa çatdıqdan sonra “yaşıl elektrik enerjisi”nin idxalını asanlaşdıracaq. Bütün bunlar həm də Azərbaycanın Avropanın “yaşıl enerji” sahəsində əsas təminatçılarından biri olmasına gətirib çıxaracaq.

Tahir TAĞIYEV





Избранный
196
50
baki-xeber.com

10Источники