RU

Biabırçı start – həmişəki kimi…

Növbəti ciddi turnirin ilk oyununda, həm də evdə uduzursansa, hansısa perspektivdən danışmaq mənasızdır. Deməli, özümüzdən qondardığımız ümidlər yenə startdaca məhv oldu. Adlar dəyişb, mənzərə eynidir.

Milli komandamız Millətlər Liqasının yeni mövsümünə yenilgi ilə başladı. İsveçdən ardıcıl buraxdığımız 3 qolun birinin əvəzini çıxmağımız çox kiçicik təsəlli, Renat Dadaşovun statitikası üçün önəmli ola bilər. Başqa heç nə…

Yığmamız təəccübləndirmədi və növbəti dəfə komandaya kimin rəhbərlik etməsinin heç nəyi dəyişmədiyi göründü. Fernandu Santuş sadəcə, futbolçuları sayıb meydana buraxan adam idi, milli həmişəki futbolunu oynadı. İlk yarıda qaçırılan penalti, bir neçə real şans oyundan epizodlardır, nəticə susmaq üçün yetərlidir. Baş məşqçi kim olursa-olsun bəlli potensial var. Bəlkə də başqa biri İsveşdən xal almağı bacarardı. Lakin bu da nəyisə dəyişməzdi, təsadüfi nəticələri çox görmüşük…

…Ötən il İsveçi Bakıda udmağımız kimi. Həmin oyun real gücün nəticəsi olsaydı, təkrarlanması gərəkirdi. Amma həmin vaxt nəticəyə önəm verməyən, şansları əldən getdiyi üçün özünü əziyyətə salmayan qonaqlar bu dəfə iddiasını ortaya qoydu.

Santuşun işinə qymət vermək üçün həm tez, həm də ümumiyyətlə, mənasızdır. Slovakyada da uduzacağımız dəqiqdir, millimizin səfərdən xalla dönməsi möcüzə olar. Problem heç indiki AFFA rəhbərliyində də deyil. İllərlə Azərbaycan futbolunu inkişafdan saxlayan, şəxsi maraqlarına görə bütün sistem iflic edən sabiqlər bugünkü mənzərənin səbəbkarlarıdır. AFFA prezidenti Rövşən Nəcəf sələflərinin əkdiyi ağacların meyvəsini yığır. Halbuki yaxşı yeni nəsil yetişdirilsəydi, istedadlar üzə çıxarılıb rəqabət yaradılsaydı, nəyəsə ümid etmək olardı. Hətta futbolda sitem qura bilməyənlər davam edən məğlubiyyətlərin bünövrəsini qoyub.

Səbr və ümid etməyə də dəyməz. İndiki AFFA rəhbərliyini hələ də sabiqlərn patronu Elşad Nəsirov idarə edir, Nəcəf onun göstərişləri ilə iş görür. Bu adam isə heç vaxt yenilərin uğurlu olmasını istəməz. Aradan 5 ay keçib, amma dəyişən heç nə yoxdu. Futbola baxış, yanaşma dəyişməyibsə, nəticə də dəyişməyəcək.

Milli komandanın matçlarını formal oyunlar kimi qəbul etməliyik. Əsəbi korlamağa dəyməz, hər şey kökündən dəyişməyəcəksə, işə peşəkar münasibət olmayacaqsa, nəticələr daha da pisləşəcək. Təəssüf ki, yeni AFFA rəhbərliyi sabiqlərdən daha bacarıqlı olduğunu isbatlaya bilmir. Hər kəs layiq olduğu yerdə dayanana, iş peşəkarlara tapşırılana qədər ümumi inkişafdan danışmağa dəyməz.

FƏRİD

Избранный
132
futbolinfo.az

1Источники