"1 oyunla hələ heç nə demək olmaz. Mən düşünürəm ki, bu oyunlar heyəti dünya çempionatının seçmə mərhələsinə hazırlaşdırmaq üçündür. Çünki futbolçuların siyahısı böyükdür. 50 oyunçuluq siyahı var. Baş məşqçi bütün futbolçuları sınamaq istəyəcək. Bu, pis fikir deyil".
Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. O, milli komandamızın ötən gün Millətlər Liqasının 1-ci turunda İsveçə uduzduğu (1:3) oyunu dəyərləndirib.
A.Mircavadov Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi atında çıxdığı ilk matçda yaxşı təsir bağışladığını söyləyib: "Oyun mənim xoşuma gəldi. Çünki futbolçular əziyyət çəkmirdilər, əsəbiləşmirdilər. Oyun şən keçdi. Çoxlu qol vəziyyətləri də yaratdıq".
O, komandanın yol verdiyi səhvlərdən də danışıb: "Dünən səhvlərimiz də oldu. Hücumda yaxşı oynadıq. Amma hücumu qolla sonlandırmaq bacarığı bizdə zəifdir. Digər məsələ isə müdafiədə səhvlərə yol verəyimizdir. Təkbətəkdə rəqibə uduzurduq. Yəni, balansı itirdik. Hücumla müdafiə arasında balans olmalıdır. Balansı qorumaq lazımdır ki, hücum edəndə müdafiə də hər şeyə hazır olmalıdır. Geridə çox az halda top saxlayırdıq. Rəqib imkan vermirdi, pressinq edirdilər. Qapıçımız Mehdi Cənnətov da çalışırdı ki, ayaqla zərbələr vursun. Balans daha yaxşı ola bilərdi".
Matçda ilk hissənin əlavə olunmuş dəqiqələrində Azərbaycan millisi penalti qazanıb. Həmin vaxt kapitan Emin Mahmudov penaltini yerinə yetirmək istəsə də, Ramil Şeydayev ona yaxınlaşaraq zərbəni özünün vurmasını xahiş edib. Lakin Ramil penaltini qola çevirə bilməyib. A.Mircavadov bu barədə də fikirlərini bildirib: "Qanun var, qayda var. Oyuna hazırlaşanda məşqçi qərar verir ki, künc zərbəsini kim vuracaq, cəribə zərbəsini kim vuracaq, penaltini kim yerinə yetirəcək. Bu qanundur. Mən dünən Santuşun fikirlərini də oxudum. O özü də deyib ki, penaltini Emin Mahmudov yerinə yetirməli idi. Futbolçu topu götürüb gətirirsə, özünə inanırsa, ona yol vermək olar. Ramil qolu vura bilsəydi, oyunun mahiyyəti də, taktikası da dəyişə bilərdi. Çox şeyin üzərində işləməliyik. Bunu baş məşqçi də deyib. Məncə, o, futbolçuların hamısına şans verəcək".
Əməkdar məşqçi ötən gün millimizin qapısını qoruyan Mehdi Cənnətovun çıxşını yüksək qiymətləndirib: "Dünən bir neçə futbolçunun oyunu xoşuma gəldi. Əsas da Mehdi Cənnətovun. Bir epizodda topu əli ilə 60 metr irəli atdı. Bizim futbolçu artıq birəbir qalmışdı. Səhv etmirəmsə, Renat Dadaşov idi. Qapıçının cəld davranışı hücumun tez başlamağı deməkdir. Mehdi Cənnətovda bu qabiliyyət var. Düşünürəm ki, öz üzərində işləsə, yaxşı qapıçı ola bilər. Ümumilikdə matç şən keçdi. Uduzmağımıza baxmayaraq, futbolçularda həvəs, istək var idi. Qol da əla idi. Soldan yaxş ötürmə verilmişdi. Hər bir futbolçu yığmada öz oyununu oynamalıdır. İnkişaf isə klublarda olur".
A.Mircavadov İsveç millisinin üzvlərinin ustalığından da söz açıb: "İsveç millisinin üzvlərinin əksəriyyəti xarici klublarda oynayır. Aleksander İsak "Nyukasl"ın futbolçusudur. Onun haqqında İngiltərədə çox danışılır. Onların "Tottenhem"də oynayan futbolçuları da var. Bizim futbolçuların əksəriyyəti yerli çempionatda çıxış edir. Məni təəccübləndirən məqam o oldu ki, Skandinaviya ölkəsi həm milli, həm də klub səviyyəsində dünya futboluna uyğunlaşır. Topla işləmək, qısa ötürmələr etmək inkişafın vacib amillərindəndir. İsveç millisi bunu edirdi. Amma əvvəllər uzun ötürmələrdən istifadə edirdilər, güc futbolu oynayırdılar. Texnikaya, taktikaya çox fikir vermirdilər. İndi hamısı inkişaf edib. Biz də gərək çox işləyək".
O, sonda Azərbaycan millisinin sentyabrın 8-də 2-ci turda Slovakiyaya qarşı səfərdə keçirəcəyi matçdan gözləntilərini bölüşüb: "Mən düşünürəm ki, Slovakiya ilə oyun tam başqa cür ola bilər. Yenə deyirəm, Millətlər Liqasında yığmanı dünya çempionatına hazırlaşdırmaq lazımdır. Çünki builki Millətlər Liqası Avropa çempionatına vəsiqə vermir. Növbəti Millətlər Liqası Avropaya çıxışdır. Gürcüstan millisi də Avropa çempionatına elə vəsiqə qazanmışdı. İndi isə komandanı formalaşdırmaq lazımdır".
Nur Zeynalova