RU

Maksim Medvedev: Futbol oynaya və qol imkanları yarada bilirik - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq kapitanı Maksim Medvedev "Far.Az"un suallarını cavablandırıb. Yığmanın Millətlər Liqasında İsveçlə oyunundan əvvəl təltif edilən keçmiş müdafiəçi komandanın oyunu haqqında fikirlərini bölüşüb.

- AFFA millinin oyunundan əvvəl sizi təltif etdi. Təəssüratlarınız necədir?

- Bu prosesi karyeramı bitirəndə AFFA-nın baş katibi Sərxan Hacıyevlə danışmışdıq. Millinin matçında mənə forma hədiyyə edəcəklərini bildirmişdi. Bu, mənim üçün böyük uğur sayılır. Çünki yığmada 81 matçda iştirak etmişəm. Bu rəqəmə çatmaq hər futbolçuya nəsib olmur. Rəşad Sadıqov formanı mənə verdi. Gələcəkdə başqa oyunçu olacaq və o formanı da mən təqdim edəcəyəm. Digər bir şəxs də bu anları yaşayacaq. Çox sevinirəm ki, yığma səviyyəsində də belə uğur əldə etmişəm.

- Komanda Bakıda İsveçə 1:3 hesabı ilə məğlub oldu. Oyun haqqında nə deyə bilərsiniz?

- Bir az bəxtimiz gətirmədi. İlk olaraq penaltini qaçırtdıq. Bu, kollektivə təsir etdi. Birinci hissəni öndə başa vura bilərdik. Amma alınmadı. Ümumimiyyətlə, rəqib də səviyyəli komandadır. Sürətli oynayırdılar. Dəqiq ötürmələrin ardından son nöqtəni qoya bilirdilər. Bizim də imkanlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Yekunda uduzduq. Bir az məyus olduq, amma yığmanın rahat futbol oynadığını gördük. Bu da növbəti matçlar üçün ümid verir. Ümid edirəm ki, son nöqtəni daha yaxşı qoya biləcəyik. Deyə bilərəm ki, çox yaxşı da müdafiə olunurduq. Oyunçular bir-birilərini çox yaxşı tamamlayırdılar. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib 3, millimiz isə 1 qol vura bildi.

- Fernandu Santuşun baş məşqçi kimi yığmada ilk matçı idi. Mütəxəssisin hansı yenilikləri gözə çarpdı?

- Baş məşqçi də İsveçin necə oynayacağını bilirdi. Futbolçularımızın rəqib oyunçuları necə tutduqları görünürdü. Sistem bir az yeni idi. Amma işləyirdi. İsveç komandasının hücumlarını da dayandıra bilirdik. Baş məşqçinin bu yöndə tapşırıq verdiyi hiss olunurdu. Hamısın 100 faiz yerinə yetirmək mümkün deyil. Lakin rəqibin necə oynayacağına hazır idik. Onları təhlil edərək düzgün formul tapa biliblər. Sadəcə, buraxılan qollar bizi məyus etdi. Bu oyuna görə 1:3 hesablı məğlubiyyət mənə görə ədalətli deyil.

- Sizcə, penaltini Emin Mahmudov yerinə yetirməli deyildi?

- Baş məşqçinin penalti vurmaq üçün kimi təyin etdiyini bilmirəm. Amma gördüm ki, ilk epizodda Emin Mahmudov topu götürdü. Baş hakim VAR-a baxanda Ramil Şeydayev özü vurmaq istədi. Bəlkə də 11 metrlik cərimə zərbəsini özü qazandığı üçün bu addımı atdı. Təəssüf ki, onda alınmadı.

- Yığmadan gələcəkdə gözləntiləriniz nədir?

- Dünənki oyuna baxanda ümid var. Futbol oynaya və qol imkanları yarada bilirik. Hər şey qaydasındadır. Sadəcə, son nöqtəni qoymaqla bağlı problemin üzərində çox çalışsaq, nəticələrimiz daha yaxşı olacaq.

Избранный
179
4
far.az

5Источники