Astana, 6 sentyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhəri terrorizm və ekstremizmlə mübarizəyə həsr olunmuş iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edib.
AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, sentyabrın 4-5-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror strukturunun 10-cu beynəlxalq konfransı və Müstəqil Dövlətlər Birliyinin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə 2-ci konfransı keçirilib.
Forumların əsas məqsədləri terrorizm və ekstremizmə qarşı mübarizədə qabaqcıl təcrübələrin mübadiləsi, bu sahədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı ümumi anlaşma və yanaşmaların formalaşdırılması olub.
Birgə beynəlxalq konfranslarda MDB və ŞƏT-ə üzv 20 ölkədən 250-yə yaxın nümayəndə, o cümlədən müşahidəçi dövlətlər və ŞƏT-in dialoq üzrə tərəfdaşları iştirak ediblər.
Konfransın açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müraciəti oxunub. Dövlət başçısı ŞƏT və MDB ilə birgə keçirilən beynəlxalq tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, bu, regionda təhlükəsizliyin təmin edilməsində ümumi istəyi nümayiş etdirir.
Konfrans iştirakçıları kollektiv və milli təhlükəsizliyə əsas təhdidlərin hərtərəfli qiymətləndirilməsini aparıb, həmçinin onların mümkün inkişaf tendensiyasını proqnozlaşdırıblar. Tədbir zamanı ekspertlər ekstremizm və terrorizmlə mübarizə sahəsində təcrübə mübadiləsi aparıblar.
Tədbirdə transmilli cinayətkarlıqla terror təşkilatlarının yaxınlaşmasının qarşısının alınması üzrə dövlətlərarası tədbirlərin daha da inkişaf etdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilib. İştirakçılar bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana