RU

Fernando Santos millimizi müsbət mənada dəyişəcəyinə inanır

Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında Slovakiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün Koşitse şəhərində Slovakiya yığması ilə qarşılaşan millimiz 0:2 hesablı məğlubiyyətə üzülüb.

Oyundan sonra mətbuat konfransında Fernando Santos komandasının məğlubiyyətinə şərh verib. 69 yaşlı portuqaliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandanın sona qədər mübarizə apardığını söyləyib:

“Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımız sona qədər mübarizə apardılar. Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq. Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir. Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq. Bu komandanı müsbət mənada dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik”.

Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində 3 gün öncə Bakıda İsveç yığmasına da 1:3 hesabıyla məğlub olmuşdu. Millimiz növbəti matçını oktyabrın 11-də Tallində Estoniya yığmasına qarşı keçirəcək.

Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona da matçdan sonra fikirlərini paylaşıb. İtaliyalı mütəxəssis bunları vurğulayıb:

“Oyunumuz xoşuma gəldi. Biz topa nəzarət etdik. Sadəcə, komandanın müdafiəsi ideal deyil, bu istiqamətdə işləmək lazımdır. Biz Estoniya ilə oyunda olduğu kimi, sabit komanda olduğumuzu nümayiş etdirdik. İstənilən rəqibə öz oyunumuzu diqtə edə bilirik. Sentyabr bizim üçün uğurlu keçdi və 6 xal toplaya bildik. Əldə olunan nəticələri uğurlu saymaq olar, amma hələ arzulanan hədəfə çatmamışıq”.

Избранный
135
3
arena.az

10Источники