Ağdaş Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 7-də saat 23 radələrində Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Day.Az xəbər verir ki, araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.